Azərbaycanda xüsusi mühafizə olunan ərazilərdə 1152 ədəd narkotik bitkisi aşkarlanıb

Bu ilin 7 ayı ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində ümumilikdə 0,1923 hektar sahədə narkotik iyli, çətənə bitkisinə oxşar 1152 ədəd bitkinin əkilib-becərilməsi və onlara aqrotexniki qulluq olunması faktı aşkar edilib.
 
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən məlumat verilib.
 
Həmin bitkilər Departamentin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində aşkarlanıb. Faktla bağlı aidiyyəti üzrə rayon hüquq-mühafizə orqanlarına məlumat verilib və sözügedən bitkilər hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə qoruq ərazisindən kənarlaşdırılaraq maddi sübut kimi götürülüb.
 
Qeyd edək ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Proqrama (2013-2018-ci illər)” uyğun olaraq “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2014-cü ilə dair İş Planı”nın icrası ilə əlaqədar xüsusi mühafizə olunan təbiət ərazilərində tərkibində narkotik maddələr olan, yabanı halda bitən və qanunsuz əkilən bitkilərin məhv edilməsi üçün mütəmadi reydlər keçirilir və proflaktik tədbirlər görülür.

Google+ WhatsApp ok.ru