Azərbaycan XİN-in sözçüsü amerikalı həmsədrin bəyanatını tənqid edib

“Nəyə görə Ermənistanı öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa çağırmırsınız? Həmsədrlərə davamlı olaraq xatırlatmaq lazımdır ki, status-kvo qəbuledilməzdir və olduqca təhlükəlidir”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev özünün “Tvitter” səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “təmas xəttində zorakılığın artmasından ciddi narahatlıq keçirməsi” barədə bəyanatına cavab olaraq yazıb.
 
E. Abdullayev qeyd edib ki, Azərbaycanın ədalətli vasitəçiliyə ehtiyacı var: “Faktlar hər kəsə məlumdur. Nə üçün həmsədrlər bu dərəcədə həvəssizdir? Erməni qoşunlarının bizim torpaqda nə işi var? Onlar Ermənistanda olmalı deyilmi? Əgər həmsədrlər həqiqətən də sülh və tərəqqi barəsində düşünürsə, onda niyə biz artıq orada deyilik?”
 
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Tvitter”də təmas xəttində zorakılığın artmasından ciddi narahatlıq keçirdiyini qeyd edib və tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb.

Google+ WhatsApp ok.ru