Azərbaycan yığması tarixində 206-cı oyununa çıxacaq

Sabah Özbəkistanla keçiriləcək yoxlama oyunu Azərbaycan yığmasının tarixində 206-cı qarşılaşma olacaq. İlk matçını 1992-ci ilin sentyabrın 17-də Gürcüstanla səfərdə keçirən komandamız Bakıdakı görüşədək 205 oyuna çıxıb. “Bakcell Arena”dakı matçadək 38 qələbə qazanan millimiz 55 dəfə heç-heçə ilə kifayətlənib. Komandamız 112 dəfə meydanı başıaşağı tərk edib. Futbolçularımız yığmanın oyunlarında 146 dəfə rəqib qapısına yol tapıblar. Bu qarşılaşmalarda qapıçılarımız 348 topun buraxılmasına üzülüblər. 2014-cü ilin 3-cü qarşılaşması yığmamızın yoldaşlıq görüşləri və yoxlama xarakterli turnirlərdə 108-ci oyunu olacaq. Belə matçlarda 29 qələbə qazandığımızdan, Berti Foqtsun yetirmələri Asiya təmsilçisini yensə, 30-cu dəfə yoldaşlıq oyununda qalib gəlmiş olacaq. Belə oyunların 36-da heç-heçə qeydə alınıb, 41 dəfə isə qalib gələn rəqib olub. 98 dəfə rəqib qapılarına yol tapan yığmamız 2 dəfə fərqlənməklə, 100-ə də çata bilər. Qapıçılarımız isə 134 top buraxıb. Bu görüş millimizin 68 yaşlı baş məşqçisi Foqtsun postunda 67-ci oyunudu. 6 ildir yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssis indiyədək 66 qarşılaşmada komandanın “sükanı arxasında” olub. Həmin görüşlərdə futbolçularımızın 15 qələbəsi, 21 heç-heçəsi və 30 məğlubiyyəti var. Foqts 54 qolun sevincini yaşayıbsa, rəqiblər isə millimizin qapıçılarını 90 dəfə məyus edib. Əvvəlki 66 görüşün 36-sı yoxlama matçı olub. Bu matçlarda 12 heç-heçəsi və 13 məğlubiyyəti olan yığmamız 11 qələbə qazanıb. Yoxlama oyunlarında almaniyalı 33 dəfə yetirmələrinin, 39 dəfə rəqiblərin qolunu görüb. Qeyd edək ki, indiyədək 64 komanda ilə qarşılaşan millimiz 10-cü dəfə Özbəkistanla üz-üzə gələcək. Asiya təmsilçisi millimizin ən çox görüşdüyü rəqibdi.

Google+ WhatsApp ok.ru