Azərbaycan polisinə elektroşokerdən istifadə qadağası ləğv olunur

Dünyanın müxtəlif ölkələrindəki polislər xidməti fəaliyyətlərində xüsusi vasitə olan elektroşokerdən istifadə edirlər.

Bu vasitədən yalnız əlahiddə situasiyalarda istifadə olunur.

Azərbaycanda isə mövcud qanunvericilik polisin elektroşokerlərdən yararlanmasını yasaqlayır. Fəqət, bu qadağanın "ömrü"nə çox qalmayıb.

Day.az bildirir ki, ölkə polisinə bu yaxınlarda elektroşokerlər veriləcək. Amma şərtlə: xüsusi vasitədən yalnız azsaylı polislər istifadə edə biləcəklər.

Məsələ Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək təsdiqlənib.

Komitə üzvləri elektroşokerlərdən vətəndaşların səhhəti və sağlamlığı üçün real təhlükə zamanı: qiyamlar və ya kütləvi iğtişaşlarda: yaşayış binaları ilə müəssisələrə qrup halında hücumların dəf olunması, həbs və ya saxlanılma tədbiri seçilmiş adamların qaçışının qarşısının alınması, yaxud da ömürlük həbs cəzası almış şəxsin qaçmasına imkan verilməməsi zamanı istifadəni təklif edirlər.

"Bu səlahiyyətlərə yalnız xüsusi təlim keçmiş bir dəstə polis malik olacaq. "Polis haqqında" qanuna dəyişikliklərin edilməsi təhlükəsizliyi daha üstün səviyyədə təmin etməyə, polis əməkdaşlarının işini asanlaşdırmağa və bu minvalla cinayətkarı daha operativ şəkildə zərərsizləşdirməyə imkan verəcək. Elektroşokerlər yalnız müəyyən hallarda tətbiq olunacaq. Belə təcrübə dünyanın bir çox inkişaf etmiş ölkələrində var. Müvafiq xarici təcrübənin əxz olunmasını normal sayıram", - millət vəkili Azay Quliyev deyib.

Onun sözlərinə görə, məsələyə Milli Məclisin sentyabrın 30-da başlanacaq payız sessiyasında baxıla bilər.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Vəliyevin dediyinə görə, əgər millət vəkilləri bu məsələni gündəmə gətiriblərsə, deməli, zərurət var.

"Polisin elektroşokerlərdən istifadə etməsi ilə bağlı ideya təqdirəlayiqdir. Əgər belə praktika xarici ölkələrdə varsa, onu niyə Azərbaycanın hüquq-mühafizə orqanlarında tətbiq etməməliyik?! Mən bilən, məsələyə Milli Məclisin komitəsi səviyyəsində baxılıb, amma parlament hələlik təsdiqləməyib", - Q.Vəliyev söyləyib. /

Google+ WhatsApp ok.ru