Azərbaycan KİV-ləri reytinqdə Ermənistandan geridə qaldı

Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində KİV azadlığının monitorinqi layihəsi KİV azadlığı reytinqini açıqlayıb. “Turan” xəbər verir ki, hesabata əsasən, 2014-cü ilin ilk yarısının nəticələrinə görə, Gürcüstan birinci yeri tutur, ardınca Ukrayna, Ermənistan, Azərbaycan gəlir. Siyahını Belarus bağlayır.
 
KİV azadlığı sahəsində vəziyyəti hər bir ölkədə öz sahəsində ən az beş il iş təcrübəsi olan yerli jurnalist, hüquq müdafiəçisi, hüquqşünas, sosioloq və ictimai xadimlərdən ibarət 10 ekspert dəyərləndirir.
 
İndeks “Siyasət”, “Təcrübə”, “Teleradioyayım”, “İnternet və yeni media” kateqoriyaları üzrə balların toplanması ilə əldə olunur.
 
Qanunvericilik səviyyəsində hüquq və azadlıqların səviyyəsini müəyyən edən “Siyasət” kateqoriyasında Azərbaycan beşinci yeri tutub. Efir azadlığının səviyyəsini müəyyən edən “Teleradioyayım”, internet azadlığı səviyyəsini müəyyən edən “İnternet və yeni media” kateqoriyalarında da Azərbaycan beşinci olub.
 
Dövlətin KİV-in hüquq və azadlıqlarının təmin edilməsində rolunu müəyyən edən “Təcrübə” kateqoriyasında Azərbaycan sonuncu yerdədir.

Google+ WhatsApp ok.ru