Azərbaycanda ana və uşaq ölümlərinin baş vermə səbəbləri

Rəsmi məlumatlarda Azərbaycanda ana və uşaq ölümləri hallarının azaldığı bildirilsə də, gördüyümüz reallıq odur ki, pənah aparıb nicat aradığımız qapılarda baş verən ölümlər hələ də davam edir. Gündəlik mətbuatı izləyərkən ayda bəlkə də 1-2, bəzən 3 dəfə hansısa rayon və ya şəhərdə ana və uşaq ölümünün baş verməsi barədə məlumatlara rast gəlinir. Sözsüz ki, belə məlumatlarla tez-tez qarşılaşmağımızda KİV-in, informasiya yayımı ilə məşğul olan saytların sayının artımı, məlumatların cəmiyyətə ötürülmə imkanlarının genişlənməsi xüsusi rol oynayır. Vəziyyətin görünən tərəfi odur ki, əgər bir neçə il əvvəl yalnız şifahi şəkildə dost-tanış, yaxın ətrafdan ana və uşaq ölümləri haqqında xəbərlər eşidirdiksə, indi bu barədə saytlardan oxuyuruq və hər birimizdə belə ölümlərin sayının artması təsəvvürü formalaşır. Vəziyyətin görünməyən tərəfi isə...

Rəsmi məlumatlara görə, Azərbaycanda ana ölümlərinin baş vermə göstəricisi postsovet ölkələri arasında ən aşağı göstəricilərdəndir, ölkədə ana ölümü halları getdikcə azalır. Cari il ərzində respublikada təxminən 20 ana ölümü qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə olduqca az hesab edilir. Statistik məlumatlara əsasən, yalnız bu ilin 5 ayı ərzində ana ölümü hadisələri ilə bağlı 9-u həkim, 1-i orta tibb işçisi olmaqla, 10 nəfər vəzifəsindən azad edilib, 31 nəfərə qarşı inzibati tənbeh tədbirləri görülüb. Ancaq inzibati tədbirlər bu ölümlərin qarşısını almır.

Səhiyyə sistemi getdikcə inkişaf edən və xəstəxanaları ən müasir avadanlıqlarla təchiz edilən Azərbaycan xəstəxanalarında bir ailənin işıqlı dünyasını qaraldan, uşaqlarını anasız qoyan, yeni doğulan körpəni anasız böyüməyə vadar edən ölümlər hələ də baş verir.
Çox maraqlıdır ki, doğuş zamanı dünyasını dəyişmiş anaların əksəriyyətinin qohumu mərhumun hamiləliyinin çox normal keçdiyini, hamiləlik zamanı heç bir probleminin olmadığını bildirirlər. Bəs belədirsə, onda bu ölüm nə üçün baş verir? Baş verən hallara görə günah kimdə və ya nədədir? Günahı mərhumun “tibbə məlum olmayan” və hamiləlik zamanı üzə çıxmayan hansısa xəstəliklərində, doğuşayardım xidmətindəki çatışmazlıqlarda, yoxsa həkimlərin savadsızlığında arayaq?

Məsələn, bu ilin yayında uşaq dünyaya gətirmək üçün Bakıda 3 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat stoluna qalxan 30 yaşlı Nuranə Əliyevanın narkozdan ayılmamasını ancaq həkim səhlənkarlığı kimi qiymətləndirmək olar. Çünki xəstəsinə narkoz verən həkim onun buna dözümlülüyünü də araşdırmalıdır.

Əslində Səhiyyə Nazirliyi həkimlərin bu və ya digər dərəcədə səhlənkarlığa yol verdiyini etiraf edir. Ancaq nazirlik rəsmi olaraq bildirir ki, ölkədə bu il birbaşa həkimlərin günahı üzündən ana ölümü halları baş verməyib. Təbii ki, ana və uşaq ölümlərinin baş verməsində bütün hallarda həkimlərin rol oynadığını da demək düzgün olmaz. Bəzi hallarda qadınların özlərinin səhhətlərinə qarşı biganəliyi və səhlənkarlığı da onların ölümə gedən yollarını qısaldır. Hamiləlik zamanı həkim nəzarətindən kənarda qalan belə qadınlar sonda onları gözləyən təhlükədən xəbərsiz halda doğuşu, əslində isə öz əcəllərini gözləyirlər. Amma etiraf olunacaq başqa məqam da var: bəzi hallarda isə kənardan “səhlənkarlıq” deyib qiymətləndirdiyimiz vəziyyətin arxasında - hamilə qadınlarımızın həkim nəzarətindən kənarda qalmasında ilk növbədə maddi imkanlar xüsusi rol oynayır.

Azərbaycanda dövlət səhiyyə müəssisələrində tibbi xidmətlərin pulsuz olmasına baxmayaraq, bu gün hamilə qadın bu imkanların heç birindən pulsuz istifadə edə bilmir. Maddi imkanı normal olan hamilə qadın göstərdiyi hörmət müqabilində vaxtaşırı həkim müayinəsinə gedə bilsə də, həkimlərə “hörmət etməyə” gücü çatmayan qadınlarımızın nəzarətçiləri 9 ay ərzində çox təəssüf ki, elə özləri olurlar.

Azərbaycanda ana və uşaq ölümü sahəsində bir sıra tədbirlərin həyata keçirilməsinə, bu tədbirlərin kompleks şəkildə icrasına imkan verən müvafiq dövlət proqramlarının qəbul olunmasına baxmayaraq, istənilən nəticə hələ də əldə olunmayıb. Nə qədər qəribə görünsə də, dövlət səhiyyə sistemi pulsuz olan Azərbaycanda bu məsələnin həllinin açarının məhz “icbari tibbi sığorta” sistemi ola biləcəyinə ümid edirik.

Güman edək ki, bəlkə bu model tətbiq edildikdən sonra heç kimdən “minnət götürməyə” məcbur olmayan hamilə qadın sistemin hesabına istənilən vaxt həkim müayinəsinə gedə və sağlam uşaq dünyaya gətirərək sağlam ana kimi də ona öz qayğısını göstərə biləcək.
Ölümlərə gedən yolun qapısını birdəfəlik bağlamaq üçün bizim həm də təmiz, şəffaf sistemi olan təhsil mühitində oxumuş, səhlənkarlıqdan uzaq olan əsl həkimlərə ehtiyacımız var. trend /

Google+ WhatsApp ok.ru