Azərbaycan MDB-nin ən hərbiləşmiş ölkələrinin üçlüyündə

Post-sovet məkanının üç ölkəsi – Ermənistan, Rusiya və Azərbaycan Qlobal Hərbiləşmə İndeksi -2014 (GMİ) reytinqində ilk üçlüyə daxil olublar.
 
Bu barədə məlumatı Bonn beynəlxalq konversiya mərkəzi yayıb.
 
Dünya reytinqinə İsrail, Sinqapur və Ermənistan başçılıq edirlər.
 
Onlardan başqa, ilk onluğa Suriya, Rusiya, Kipr, Cənubi Koreya, İordaniya, Yunanıstan və Azərbaycan (ardıcıllıq saxlanılıb) daxil olublar.
 
Reytinqi tərtib edənlər Ermənistan və Azərbaycan arasında xeyli müddətdir ki, davam edən münaqişəyə xüsusi diqqət ayırırlar.
 
Ekspertlər qeyd edirlər ki, hər iki ölkənin ordusuna silahı Rusiya tədarük edir. Rəsmi Moskva 2008-ci ilin hərbi islahatı çərçivəsində silahlanma sistemlərini müasirləşdirir və hərbi müəssisələrin gücünü artırır.
 
Qlobal hərbiləşmə indeksi dövlətin hərbi aparatının cəmiyyətə nisbətən çəkisi və əhəmiyyətini əks etdirir. O, hərbi xərclərin ÜDM-ə və səhiyyə xərclərinə nisbətini, həmçinin ağır silahlar və ölkə əhalisinin sayının nisbətini nəzərə alır. 

Google+ WhatsApp ok.ru