Azərbaycanda mineral suyun insan sağlamlığı üçün təhlükəli olduğu aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsi, Geologiya və Geofizika İnstitutunun elmi şurasının ümumi iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda institutun 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatı dinlənilib.
 
İclasda çıxış edən institutun elmi işlәr üzrә direktor müavini, geologiya-mineralogiya elmlәri doktoru Dadaş Hüseynov bildirib ki, bu il institutda 5 problem üzrə 15 mövzuda 25 elmi tədqiqat işi aparılıb. Ümumən 12 elmi tədqiqat işinin başa çatdırıldığını, 2 mühüm elmi nəticənin əldə edildiyini deyən D. Hüseynov bildirib ki, 7 qrant layihəsinin icrası tamamlanıb, 9 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilir:
 
“Respublikanın dağlıq, dağətəyi və düzənlik ərazilərində termal su ocaqlarının fəza strukturu, kəmiyyət və keyfiyyət göstəriciləri, formalaşma qanunauyğunluqları, miqrasiya yolları və termodinamiki parametrləri öyrənilib. Suların mənbələrinə dair məlumat bazası hazırlanıb, yer səthinə qalxmasının mexanizmi müəyyənləşdirilib. Termal suların və onları müşayiət edən qazların izotop analizləri də aparılıb. Analizlərin nəticəsinə əsasən termal suların istilik mənbələri ilə mantiya flüidləri arasında əlaqə olduğu ehtimal edilir. “Böyük Qafqazın şərq hissəsinin və Talış dağlarının flüid təzahürləri: flüid geokimyası, struktur və geodinamik asılılıq” proqramı çərçivəsində Talış dağlarında İtaliya Milli Tədqiqat Şurasının alimləri ilə birgə tədqiqatlar aparılıb. Nəticədə müəyyən edilib ki, sanitar-gigiyenik normalara görə Talışın mineral sularının içməli su kimi və vanna qəbul etmək üçün istifadəsi əhalinin sağlamlığına təhlükə törətmir. Yalnız Yardımlı rayonun Bülüdül su mənbəyi istisna olunur. Çünki, bu mənbədə radonun miqdarı içməli su üçün qəbul olunmuş normadan 1,5 dəfə artıqdır. Hesabat ilində institut əməkdaşlarının 91 elmi əsəri dərc olunub. Bundan əlavə, alimlərimiz xarici nəşrlərdə 37 elmi məqalə çap etdiriblər. Onlardan 17-si impakt faktorlu jurnallarda işıq üzü görüb”.
 
İclasın davamında AMEA-nın prezidenti, institutun direktoru Akif Əlizadə hesabatla bağlı fikirlərini bildirib və gələn il üçün müvafiq tapşırıqlarını verib. /
 

Google+ WhatsApp ok.ru