Azərbaycanın tikinti bazarında inqilab: QİYMƏTLƏR DÜŞÜR!

Rusiyadan Azərbaycana idxal olunan tikinti materiallarının qiymətində ucuzlaşma müşahidə olunur.
 
Sanksiyalar məngənəsində sıxılan şimal qonşumuz MDB ölkələrinə ixrac etdiyi tikinti materiallarının qiymətini ucuzlaşdırıb. Məhz bu səbəbdən daxili bazarda da aşkar qiymət fərqi gözə çarpır.
 
Qısa araşdırmadan sonra məlum oldu ki, ötən ilin yanvar-may aylarıda qiymətlərdə cüzi fərq baş verib. Lakin may ayından etibarən ilin sonunadək qiymətlər stabil şəkildə enməkdədir.
 
Rusiya bazarlarında yaranan vəziyyət Azərbaycanda bu işlə məşğul olan sahibkarlardan da təsirsiz ötüşməyib. Belə ki, Qaradağ daşı iki dəfə ucuzlaşıb və 42-45 qəpikdir. Güzdək daşı 40 qəpik, rayonlarda 60-80 qəpikdir. Yerli armaturun (“Baku Stell Company”) tonu martla müqayisədə 850 dollardan 730-750 dollara enib. Mismar, şveller, metal borular və başqa mallarda da ucuzlaşma hiss olunur.
 
Tikinti materialları bazarında mayda aparılan monitorinqə əsasən, idxal mallarından parket 2, şifer 1,5, kafel və metlax 1,5, izolyasiya materialları 1, boyalar 2 faiz ucuzlaşıb. Yerli malların xüsusi çəkisi 62,3 faiz olub.
 
Tikinti materialları bazarında çalışan insanlar Avropa oyunlarına hazırlıqla bağlı qiymətlərin özbaşına qalxacağını təxmin etsə də, hələ ki, bu tendensiya baş verməyib.
 
Axar.az-ın yazdığına görə, ölkədə tikinti bazarına təsir edən ikinci faktor kimi Olimpiya xərclərinin qarşılanması səbəbindən dövlət büdcəsinin sərmayələrinin bölgüsündə ciddi dəyişiklik olması göstərilir.
 
Olimpiya infrastrukturlarının tikintisinə nəzarət edəcək Gənclər və İdman Nazirliyinə ayrılan xərclər 3 dəfəyə yaxın artıb. Ötən il büdcədən 336 milyon pay alan nazirliyə bu il 922 milyon manat ayrılacaq. Eyni zamanda, infrastruktura aidiyyəti olan Nəqliyyat Nazirliyinin (yolların abadlaşdırılması) payı da 25 faiz artıb. Nazirliyə ayrılan sərmayənin həcmi 1 milyard 22 milyon manatdan 1 milyard 238 milyon manata çatıb. Bununla da Nəqliyyat Nazirliyinin payı rekord həddədir.
 
Beləliklə, 5,26 milyard manatlıq investisiya piroqunun 24 faizi nəqliyyat sektorunun payına düşür.
 
Olimpiya xərclərini qarşılamaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin (şəhərin təmizliyi) payı da artırılıb. Paytaxtda abadlıq işlərinin görülməsi, şəhərin kosmetik təmiri üçün Bakı meriyasına 276 milyon manat ayrılıb. 2013-cü ildə bu rəqəm 114 milyon manat idi (2,4 dəfə çox).

Google+ WhatsApp ok.ru