Azərbaycan yol polisi narahatdır: piyada intizamsızlığı dəhşət saçır

Azərbaycanda piyadalarla bağlı baş verən yol qəzalarının çoxluğu göstərir ki, onlar intizamsız hərəkət iştirakçılarıdır. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
 
Şöbə rəisinin sözlərinə görə, 2015-ci ilin istər yanvar, istərsə də fevral ayının əvvəllərinin statistikası göstərir ki, respublikada nəqliyyat vasitələrinin sayının artmasına baxmayaraq, əvvəlki illərlə müqayisədə yol qəzalarının, eləcə də ölüm və xəsarət faktlarının sayında azalma müşahidə edilir. Bununla belə, ölkədə qeydə alınan yol qəzalarının və ölüm hallarının əksəriyyətinin piyadaların vurulması ilə bağlı olması ciddi narahatlıq doğurur: "Məsələn, fevral ayının 1-dən 11-dək respublikada 97 yol qəzası qeydə alınıb. Nəticədə 27 nəfər ölüb, 131 nəfər yaralanıb. Bunlardan 35 hadisə piyadaların vurulması ilə bağlı olub. Bu zaman 11 nəfər ölüb, 30 nəfər yaralanıb. Piyadalarla bağlı baş verən yol qəzalarının çoxluğu göstərir ki, onlar intizamsız hərəkət iştirakçılarıdır. Piyadalar həyatlarını təhlükə altında qoymamalı, onlar üçün müəyyən edilmiş keçidlərdən keçməli, işıqforun onların hərəkətinə icazə verən işğının yanmasını gözləməli, özlərini hərəkətdə olan avtomobillərin qabağına atmamalıdırlar".
 
K.Əliyev eyni zamanda, qeyd edib ki, sürücülər də piyadaların avtomobillərin qarşısına qəfil çıxa bilmələri ehtimalını nəzərə alaraq, hətta piyada səkidə göründükdə belə müəyyən ehtiyat tədbirlərini görməlidirlər.

Google+ WhatsApp ok.ru