Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda “Xocalı soyqırımı”nın 23-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
 
Baş Konsulluqdan verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasim iştirakçıların Baş Konsulluq tərəfindən çap olunmuş Xocalı soyqırımı ilə bağlı broşürlər təqdim edilib.
 
İran vətəndaşı, peşəkər kino işçisi, “Xoca” filminin prodüseri olmuş Eyyub Daneşvər çıxışı zamanı Xocalı soyqırımının digər qətliamlardan fərqli olaraq çəkilmiş videokadrlarla da sübuta yetirildiyini qeyd edib, “Xocalıya ədalət” beynəlxalq kampaniya haqqında danışıb.
 
Türkiyənin Təbrizdəki baş konsulu Güvən Beğeç isə ermənilərin tarix boyu Türkiyə və Azərbaycana qarşı bir çox terror hadisələri, qətliamlar törətdiklərini, daim ərazi iddialarında olduqlarını bildirib, habelə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli cəhdlərinə və Türkiyənin sülh çağırışlarına Ermənistan tərəfindən əməl olunmadığını vurğulayıb. O, Xocalı soyqırımının gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
 
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə isə müasir dövrdə Xocalı soyqırımı kimi ağlasığmaz qətliamların törədilməsinin daha acınacaqlı hal olduğunu, bu qətliamın bütün bəşəriyyət əleyhinə törədilən cinayət sayıldığını, bu səbəbdən Xocalı soyqırımı ilə bağlı aparılan kampaniyaya bütün dünya ictimaiyyətinin qoşulduğunu bildirib və bu işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb. Baş konsul tarix boyu erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq planları ilə Azərbaycan, İran, Türkiyə və bəzi digər dövlətlərin ərazilərində yerli əhaliyə qarşı bir çox kütləvi qırğınlar törətdiyini, bunun tarixi sənədlərdə öz əksini tapdığını və arxiv materiallarında saxlanıldığını deyib. O, ermənilərin dünya ictimaiyyətinin diqqətini yayındırmaq, özlərinin törətdiyi cinayətləri ört-basdır etmək məqsədilə “erməni soyqırımı” və digər yalan iddialarla çıxış etdiyini bildirib, Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının vacibliyini önə çəkib.
 
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən sənədli film nümayiş etdirilib və soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib. Xocalı faciəsinə dair köynəklər, CD, DVD, broşür, jurnal və bukletlər, fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanıb.
 
Mərasimdə İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, İranın Şərqi Azərbaycan Valiliyinin rəsmiləri, Türkiyənin Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, habelə Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, jurnalistlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Google+ WhatsApp ok.ru