Azərbaycanda polis olmayan yeganə şəhər- FOTO

 
Bura şəhərtipli qəsəbə olan Neft Daşlarıdır. Qəsəbənin uğurları saysızdır. Ancaq problemləri də var.
 
«Bura gənc, hər şeylə maraqlanan, dənizdə heç də asan olmayan neft hasilatının sirlərinə yiyələnən insanların şəhəridir. Burada insanın yaşaması və fəaliyyəti üçün şərait yaradılıb. İş yerləri, iaşə obyektləri, yaşayışbinaları, tibbi müayinə və müalicə üçün poliklinika fəaliyyət göstərir. İnsanların yaşadığı, maşınların hərəkət etdiyi Neft Daşları polisin olmadığı yeganə şəhərdir». Bu sözləri bu şəhərdə fəhlə işləyən Nadir Əzizov bildirdi.
 
Onun sözlərincə, burada yeganə problem yemək və içməli su ilə bağlı olur: «Yemək dadsız, yağsız olur. Buna baxmayaraq keyfiyyətsiz yeməklər baha qiymətə satılır. Biz də məcbur olub evdən yemək gətirməli oluruq. Hava şəraiti uyğun olmayanda-küləkli və yağışlı olanda içməli su problemimiz olur. Belə ki, gəmi və helikopter vasitəsilə Bakıdan Neft daşlarına su gətirmək mümkünsüz olur». 
Qeyd edək ki, Neft daşları-dünyada ilk neft platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulub. Xəzər dənizi səthindən azca görünən "Qara daşların" ətrafında tikilib. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilib. 1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye üsulu ilə karbohidrogenləri əldə etməklə bəşər tarixində yeni səhifə açdılar. Həmin gün "Neft Daşları" yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu. Azərbaycanda hasil olunan neftin üçdə bir hissəsi bu gün burada çıxarılır.«Bizim Yol» /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru