Azərbaycan İslam Partiyası Yəmən hadisələrinə münasibət bildirib

Maide.az xəbər verir ki, bu gün Azərbaycan İslam Partiyası Yəməndə baş verənlərlə bağlı bəyanat yayıb. 
 
Bəyanatda deyilir:
 
"Azərbaycan xalqı, xüsusən, ölkəmizin dini cameəsi Yəmən xalqına qarşı baş verən ədalətsizlikdən ciddi narahatdır. Biz bəyan edirik ki, qadın, qoca, körpələrin ərəb koalisiyası adı altında silahlı qüvələrin bombardmanı nəticəsində qətlə yetirilməsini bəşəri cinayət hesab edir, qanlı əməllərinin beynəlxalq aləmdə cavabdehlik daşıyacaqlarını bildiririk.
 
On illərlə ərəb xalqlarını əsarətdə saxlamağa can atan, Fələstinin məzlum münsəlman körpələrini soyqırıma məruz qoyan işğalçı, cinayətkar İsrail rejiminin törətdiklərinə göz yuman bu ərəb koalisiyası, başda despotik rejimin hökm sürdüyü Səudiyyə Ərəbistanının rəhbərliyi özünün Qərbə, ABŞ-a nökərçilik misiyasını canla-başla yerinə yetirərək azadlıqsevər müsəlman qardaşlarını göydən bombalamaqla dünya müsəlmanlarını heyrətdə qoyur, təəccübləndirir. 
 
Görünür, müsəlman ölkələrində diktatura rejimlərinə qarşı mübarizə apararaq öz milli hökumətlərini, milli dövlətçiliklərini qurmaq istəyi və cəhdi ilə çarpışanların inqilabi hərəkatları Amerikanı, eyni zamanda hakimiyyətə həris, sərvət düşkünü olan kral ailələrini narahat etməkdə, ciddi təşvişə salmaqdadır. Yeniliyi, haqqa tapınan qüvvələri, xalqlarının inkişafını hər şeydən üstün tutan mücahid insanları, vətənpəvər qəbilələri beşiyində boğmaq istəyi Qərbin, ABŞ-ın siyasi, strateji maraqlarından irəli gələn məsələlərdir. 
 
Yəməndə Mənsur əl-Hadinin diktatura rejiminin devrilməsi hətta BMT Təhlükəsizlik Şurasını, bir neçə ölkə istisna olmaqla, narahat etməyə başlayıb. Amerikapərəst qüvvələrin müsəlmanların qətliamında maraqlı olduqları şəksizdir. Bir sıra ərəb ölkələrinin ədalətsiz, öz xalqlarına düşmən kəsilən hakimləri də kürsülərini zülm hesabına qorumaq üçün onların diktəsini yerinə yetirir, hakimiyyətlərinə qarşı yönələn təhlükələrin qarşısını almaq üçün inqilabların baş qaldırdığı ölkələrin xalqları ilə ədalətsiz müharibəyə rəvac verirlər. 
 
Azərbaycan İslam Partiyası, başda Səudiyyə Ərəbistanı olmaqla. Fars körfəzi ölkələrini müsəlman dünyasına xəcalət və utanc gətirən bu cinayətkar əməllərdən çəkinməyi, imperiyalara qulluq xidmətindən yaxa qurtarmağı, xalqlarının sərvətlərini qorumağı, etimadlarını qazanaraq məhv olmaqdan qutulmağı tələb edir. Unutmaq olmaz ki, xalqına arxa çevirərək onu əzən, müsəlman qardaşının üzərinə göydən bomba yağdıranları Müəmmar Qəddafinin taleyi gözləyir. Bir daha bəyan edirik bu faciəli sonluğu istəməyənlər Yəmən xalqına qarşı ədalətsiz müharibəyə, ərəb, müsəlman körpələrinin qanını axıtmağa son qoymalıdırlar."

Google+ WhatsApp ok.ru