Azərbaycanda kütləvi beynəlxalq idman yarışları zamanı saxta bilet satışı ilə məşğul olanlara cəza tətbiq olunur

Azərbaycanda keçiriləcək kütləvi beynəlxalq idman yarışları zamanı saxta bilet satışı, o cümlədən tədbirin keçirilməsinə mane olma ilə bağlı yeni cəzalar tətbiq olunur.
 
Bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni 224-1 və 298-1 maddələrinin əlavə olunması müzakirəyə çıxarılıb.
 
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, əlavələr ölkədə keçirilən beynəlxalq idman yarışlarında, o cümlədən qarşıdan gələn I Avropa Oyunlarında təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.
 
224-1-ci maddəyə görə, kütləvi idman tədbirləri və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər isə 5 min manat cərimələnəcəklər.
 
Maddədə o da göstərilir ki, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə vəzifəli şəxslər 1500 manatdan 2 min manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər cərimələnəcəklər.
 
Maddə 298-1-də isə deyilir ki, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni:
 
- bədən tərbiyəsi - idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və idman haqqında” qanuna görə daxil olmasına yol verilməyən şəxslərin buraxılmasına;
 
- bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə;
 
Fiziki şəxslərin 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslərin 2 min manat, hüquqi şəxslərin isə 5 min manat miqdarında cərimələnməsi nəzərdə tutulur.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.(apa)

Google+ WhatsApp ok.ru