Azərbaycandan Türkiyəyə gizli kapital axını?

Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin azalması ilə Türkiyəyə mənşəyi məlum olmayan vəsaitlərin daxil olması arasında əlaqə varmı?

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının mart ayında daha 1.5 milyard dollar azaldığını açıqladı. Açıqlamadan görünür ki, MB ehtiyatlarının 2014-ün sonlarından başlayan azalması bu ilin 3 ayı ərzində 3 milyard dollardan çox olub.

İqtisadçı ekspert Rövşən Ağayev MB-nin valyuta ehtiyatlarının qısa müddətdə bu qədər azalması ilə “Bloomberg” agentliyinin bu günlərdə üzə çıxardığı bir fakt – Türkiyəyə ilin əvvəlindən mənşəyi bilinməyən böyük həcmli maliyyə axınının baş verməsi arasında əlaqənin ola biləcəyi qənaətindədir.

“Bloomberg”in məlumatına görə, təkcə fevral ayında Türkiyəyə daxil olan mənşəyi naməlum kapitalın həcmi 4.3 millyard dollar olub. Bu kapital axını hesabına Türkiyə tədiyyə balansını yaxşılaşdırıb, valyutaya tələbatını xeyli dərəcədə ödəyib, cari hesablar balansının kəsirini 4.2% azaldıb.

“Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının əriməsi ilə bu fakt arasında əlaqə axtarmaq ideyası hardan ağlıma gəldi? Məsələ burasındadır ki, bizim manata təzyiq də elə ilin əvvəllərindən başlayıb”, - deyə R.Ağayev özünün facebook səhifəsində gümanını əsaslandırır. İqtisadçı şübhə etmir ki, manata təzyiqin artmasının əsas səbəblərindən biri də ölkədən kapital axınının güclənməsi olub. “Xüsusilə də rublun payızda üzləşdiyi durum bir çox böyük kapital sahiblərini manatla aktivlərə münasibətdə daha həssas etmişdi.
Əminəm ki, indiki situasiyada - Qərblə münasibətlərin pisləşdiyini, Rusiyanın kapital qoyuluşu üçün tam təhlükəli bir məkan olduğunu nəzərə alsaq, Türkiyədən əlverişli ölkə yoxdu”, - deyə o, qeyd edir.

Google+ WhatsApp ok.ru