Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi 18% azalıb

 Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi illik 17,64% azalaraq 2015-ci ilin birinci rübündə 2,697 mlrd. ABŞ dolları təşkil edib.
 
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycandan Aİ ölkələrinə ixrac illik müqayisədə 23,6% azalaraq cari ilin ilk 3 ayı ərzində 2,080 mlrd. dollara düşüb. Bununla da Aİ ölkələrinə ixrac Azərbaycan ixracının 61,46%-ni təşkil edib.
 
Hesabat dövründə həmin ölkələrdən Azərbaycana idxalda isə əksinə, artım müşahidə olunub. İdxal əməliyyatlarının həcmi illik 11,66% artaraq cari ilin birinci rübündə 617,5 mln. dollara yüksəlib. Bu, ölkənin ümumi idxalının 25,43%-nə bərabərdir.
Hesabata əsasən, İtaliya yenə də Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalıb. Bu ölkə ilə ticarət dövriyyəsi Azərbaycanın cəmi ixracının 15,25%-ni təşkil etməklə cari ilin I rübündə 886,1 mln. dollar olub. Hesabat dövründə İtaliyaya ixrac illik 44,52% azalaraq 773,6 mln. dollar, idxal isə 2,8 dəfə artaraq 112,5 mln. dollar təşkil edib./

Google+ WhatsApp ok.ru