Azərbaycanda sahibkarlıq subyektləri üçün hazırlanan “Nəzarət kitabçası” ləğv edilir

Azərbaycanda bütün sahibkarlıq subyektləri (hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə) üçün nəzərdə tutulan “Nəzarət kitabçası” ləğv edilir.
 
Bununla bağlı Vergilər Nazirliyinin hazırladığı “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 7 yanvar tarixli 69 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə və  Nazirlər Kabinetinin “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2002-ci il 13 dekabr tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə layihələr ictimai müzakirəyə çıxarılıb.
 
Qeyd edək ki, “Nəzarət kitabçası”nın hazırlanması “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 7 yanvar tarixli 69 nömrəli fərmanında nəzərdə tutulub, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli fərmanında Nazirlər Kabinetinə sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılması məqsədilə tətbiq olunan “Nəzarət Kitabçası”ndan istifadənin səmərəliliyini artırmaq üçün bir ay müddətində zəruri tədbirlər görmək tapşırılıb, Nazirlər Kabineti isə 2002-ci il dekabrın 13-də “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” qərar verib. Qərara əsasən o zamandan başlayaraq  indiyə qədər Azərbaycan ərazisində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərində (hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə) “Nəzarət kitabçası” tətbiq edilib. Sahibkarlıq subyektlərinin “Nəzarət kitabçası” ilə təmin edilməsi və onun reyestrinin aparılması İqtisadiyyat və Sənaye Nazirliyi (keçmiş İqtisadi İnkişaf Nazirliyi) tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilib. Nazirlik sahibkarlıq subyektlərini, onların filial və nümayəndəliklərini, rəsmi müraciətlər əsasında və aidiyyəti dövlət orqanları vasitəsilə əvəzsiz olaraq “Nəzarət kitabçası” ilə təmin edib. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yoxlamalar həmin yoxlamanı aparan şəxsin adı, soyadı, atasının adı, vəzifəsi və təmsil etdiyi təşkilatın adı, yoxlamanın məqsədi, yoxlamaya hüquq verən sənədin tarixi və nömrəsi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu, yoxlamaya başlanılan vaxt “Nəzarət kitabçası”na qeyd edildikdən sonra həyata keçirilib. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada yoxlama aparmağa başlanan sahibkarlıq subyektlərində “Nəzarət kitabçası”nın olmaması qanuni yoxlamanın aparılmamasına əsas verməyib. Bu halda yoxlama aparan şəxs yoxlamanın nəticəsinə dair tərtib etdiyi sənəddə bu barədə müvafiq qeyd aparmalı, yoxlanılan sahibkarlıq subyektinin rəhbəri isə qısa müddət ərzində müəyyən edilmiş qaydada “Nəzarət kitabçası”nı almalı idi. 

Google+ WhatsApp ok.ru