Azərbaycanda nömrələrin daşınması ilə bağlı yeni təkliflər var

Azərbaycanda Mobil Nömrələrin Daşınması sisteminin tətbiqi istifadəçilərə seçim azadlığı vermək üçün yaradılıb. Maide.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bunu nazirin birinci müavini İltimas Məmmədov deyib: "Lakin mobil rabitə operatorlarının sistemindəki servis xidməti bəzi hallarda çox bezdirici olur və sonda bir nəticə vermir, buna səbəb isə bir operatorun abunəçisinin digər operatorun şəbəkəsinə keçməsinə imkan vermək istəyinin olmaması ilə bağlıdır".
 
İ.Məmmədov bildirib ki, bununla bağlı nazirliyə və digər qurumlara çoxlu şikayətlər daxil olur və istifadəçilər mobil operatordan yenə də asılı vəziyyətdə qalır, çünki insanlar daimi nömrələrini dəyişmək istəmirlər.
 
"Bu hallara dünya təcrübəsində də çox rast gəlinib və bunun həlli yolu istifadəçinin digər mobil operatorun şəbəkəsinə müraciət edərək öz nömrəsi ilə birgə keçməsidir. Əlbəttə ki, abunəçilərin də operatorlar qarşısında vacib öhdəlikləri var. Bu, hesab üzrə borcun olmaması, nömrənin tam olaraq istifadəçiyə aid olması, abunəçinin şəxsiyyətini təsdiqləyən bilgilərin məlumat bazasında mövcud olan məlumata uyğun gəlməsidir. Biz sistemin işlədiyi dövrdə rast gəlinən problemləri aradan qaldırmaq üçün və mobil operatorların əngəl yaratmalarının və istifadəçilərin sistemdən həddən artıq sui-istifadə etmə hallarının qarşısını almaq üçün qaydalara dəyişikliklər edilməsi ilə bağlı prosedurları son dərəcədə asanlaşdıran təkliflər hazırlamışıq və Nazirlər Kabinetinə təqdim etmişik. Düşünürəm ki, çox yaxın zamanda yeni qaydalar artıq tətbiq ediləcək", - İ.Məmmədov qeyd edib.

Google+ WhatsApp ok.ru