Azərbaycanda seçki məntəqələrinin müşahidə kameraları ilə təchizatı istiqamətində texniki işlərə başlanılıb

“Aztelekom” MMC və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ölkədə keçiriləcək parlament seçki məntəqələrinin müşahidə  kameraları ilə təchizatı istiqamətində  texniki işlərə başlanılıb.
 
Rabitə və Yüksək Texnologiyalar nazirliyindən verilən məlumata görə, BTRİB-in baş mütəxəssisi Elman Qədirov deyib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) qərargahına qədər xətt şəbəkəsində parametrlərin ölçülməsi, müəyyən istiqamətlərdə optik kabellərin, əlavə kameraların qurulacağı ehtimal olunan məntəqələrin yerləşdiyi ərazilərdə texniki imkanın mövcudluğu ilə bağlı təhlillərə başlanılıb: “Artıq bununla bağlı rəhbərlik tərəfindən tapşırıqlar verilib. Ötən seçkilərin təcrübəsinə uyğun işlərə başlanılıb. Paytaxtda yerləşən 296 seçki məntəqəsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən qurulan kameraların texniki imkanlığı dəyərləndirilir. Qeyd edim ki, seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. Ona görə də MSK-nın saytı vasitəsi ilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacaqlar”.
 
Regionlar üzrə isə Naxçıvan MR də daxil olmaqla 1000-dən yuxarı seçki məntəqəsinin kameralarla təchiz olunacağı gözlənilir.
 
“Aztelekom”  MMC-nin texniki direktoru Zahir Vəliyev də öz növbəsində bununla bağlı yerli qovşaqlara müvafiq tapşırıqlar verildiyini bildirib: “Regionlar üzrə ötən illərdə kameralarla təchiz ediləcək  məntəqələrlə yanaşı əlavə məntəqələrə də avadanlıqlar qurulması gözlənilir. Bu baxımdan MSK-nın qərarını gözləmədən texniki tədbirlərimizi aparırıq”.
 
Qeyd edək ki, seçki günü istər Azərbaycan vətəndaşları, istərsə də dünyanın digər yerlərində yaşayan insanlar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq Azərbaycanda keçirilən seçki prosesini izləyə bilər.

Google+ WhatsApp ok.ru