Azərbaycanı nələr gözləyir?

Maide.az-ın məlumatına görə, "Bizim yol" bu suala cavab axtarır. Qəzet yazır ki, dünya bazarında «qara qızıl»ın qiymətinin 42 dollara qədər düşməsi neft ölkəsi olan Azərbaycanda böyük problemlərə yol açıb.
 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirib ki, Dövlət Neft Fondunun və dövlət büdcələri müzakirə olunarkən neftin baza qiymətinin 90 dollardan hesablanması ilkin səhv yanaşmalardan biri idi: «İlin ilk altı ayının hesabatlarına nəzər yetirdikdə, dövlət büdcəsinə transfer etdiyi vəsaitin üçdə birini köçürə bilib. 10.3 milyard manata qarşı cəmi 3.5 milyard manat transfert edib. Deməli, ilin ikinci yarısında Dövlət Neft Fondunun dövlət büdcəsi qarşısında öhdəlikləri daha böyükdür. Təqribən 7 milyard manat transfert həyata keçirilməlidir ki, buna fondun vəsaitləri kifayət etməyəcək». 
 
İqtisadçı əlavə edib ki, əgər dövlət büdcəsi nəzərdə tutulduğu səviyyədə yerinə yetirilərsə, o zaman ilin ikinci yarısında Neft Fondunun aktivlərinin «əriməsi» müşahidə ediləcək: «Digər tərəfdən, ilin ilk 6 ayı ərzində dövlət büdcəsinin özü 15 faiz kəsirlə yerinə yetirilib».
 
R.Həsənovun sözlərinə görə, neftin qiymətinin indiki səviyyədə qalması qarşıdakı 4-5 ay ərzində ölkə iqtisadiyyatına 3-3.5 milyarda qədər zərər vurması mümkündür: «Bu isə icmal büdcənin icrasında problemlərə yol aça bilər».

Google+ WhatsApp ok.ru