Azərbaycanda demokratik seçki atmosferi yoxdur

 Demokratik Təşəbbüslər İnstitutu (DTİ) 1 noyabr parlament seçkiləri ərəfəsində Azərbaycanda demokratik vəziyyətin qiymətləndirilməsinə dair hesabat yayıb.
 
5 səhifəlik sənəddə deyilir ki, seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də ölkədə hələ də seçkilərin demokratik mühitinin yaradılmasında ciddi çətinliklər mövcuddur.
 
Son 12 ildə Seçki Məcəlləsinə ictimai razılıq olmadan 200-dək əlavə və dəyişiklik edilib. Məcəlləyə edilən dəyişikliklər  çox halda mövcud olan normaları daha da antidemokratik vəziyyətə gətirən, azadlıqları daraldacaq normalar olub.
 
Belə ki,  seçki kampaniyasının müddəti 120-dən 60 günədək qısaldılıb, imzatoplama müddəti 2 dəfə azaldılıb, siyasi təşviqat müddəti 22 günə salınıb.
 
Bundan əlavə, təşviqat üçün mövcud olan platformaların sayı azaldılıb, sərbəst toplaşma yerlərinin hər rayonda cəmi bir yer ilə məhdudlaşdırılıb. könüllü pul depoziti ləğv edilib və digər  mövcud imkanlar məhdudlaşdırılıb.
 
Seçki Məcəlləsindəki son dəyişikliklər namizədlər və partiyaların öz fikirlərini seçicilərə çatdırmaq imkanını faktiki olaraq məhdudlaşdırır.
 
Seçki komissiyalarının tərkibi problemli məsələ olaraq qalır, çünki təcrübədə bu format hökumət tərəfdarı olan qüvvələrə bütün səviyyələrdə həlledici üstünlük verir və seçki administrasiyasının tərəfsiziliyinə və qərəzsizliyinə  olan etimadı sıfıra endirir.
 
Beynəlxalq qurumların və yerli ictimai-siyasi təşkilatların çağırışlarına baxmayaraq, qarşıdakı seçkilər hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında dialoqun yoxluğu ilə səciyyәlənәn siyasi mühitdə cәrәyan edir.
 
Müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti iflic edilib və onların gələcək fəaliyyət imkanları qeyri-müəyyən vəziyyətə salınıb.
 
Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində bir məkanda yarımqapalı mitinqlər keçirilməsinə imkan verilir.
 
Müxalif siyasi partiyaların və müstəqil QHT-lərin bir çoxunun Bakıda ofis yerləri yoxdur və fəaliyyətləri regionlarda davamlı məhdudlaşdırılır. Siyasi gündəmli toplantıların hətta 5 ulduzlu  hotellərin toplantı salonlarında belə keçirilməsinə imkan verilmir.
 
Həbslər, məhkəmə prosesləri,  maliyyə sanksiyaları, bank hesablarına həbs qoyulmalar, müəyyən bəhanələrlə uzun-uzadı istintaqlara cəlb edilmələr və jurnalistlər üzərində digər təzyiq formaları Azərbaycanda media azadlığına ciddi təsir edir və demokratik seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsi üçün əlverişli olmayan mühit yaradır.
 
Məhkəmələr hakimiyyətin üçüncü müstəqil qolu və ədalətin bərpası olmaqdan çıxaraq ələbaxımlı duruma düşüb.
 
DTİ 2013-cü ilin noyabrında bir qrup tanınmış hüquqşünas və ictimai xadim tərəfindən  yaradılıb (DTİ-yə MSK-nın üzvü Akif Qurbanov rəhbərlik edir. Vaxtilə Ümid Patiyasından bura nümayəndə göndərilib).
 
Bu QHT 1 noyabr parlament seçkilərinin monitorinqini keçirmək, seçkilərdə iştirak edən  tərəflərin maarifləndirilməsinə xidmət etmək, həmçinin hüquqları pozulan vətəndaşlara hüquqi yardım göstərmək niyyətindədir.
 
Sonda DTİ bir neçə tövsiyə irəli sürüb:
 
- siyasi və vicdan məhbusu kimi tanınan şəxslər (100-ə yaxın adam) həbsdən azad edilməlidir;
 
- Seçki Məcəlləsinin ATƏT və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri əsasında təkmilləşdirilməsi istiqamətində yerli və beynəlxalq təşkilatların hüquqi təşəbbüsləri dəstəklənməlidir;
 
- sərbəst toplaşmaq və birləşmək azadlığnın təmin olunması yönündə ciddi tədbirlər həyata kecirilməli, bu məqsədlə siyasi partiyalar və QHT-lərə sərbəst fəaliyyət imkanları yaradılmalıdır;
 
- piket, mitinq və yuruşlərin kecirilməsi ucun mərkəzdə yerlər müəyyən olunmalı və aksiyaların təhlükəsizliyi təmin edilməlidir;
 
- seçki komissiyalarına və seçki prosesinə yerli icra strukturlarının, vəzifəli şəxslərin müdaxilələrinə birdəfəlik son qoyulmalıdır;
 
- seçkilərdə ictimai etimadın və rəqabətli mühitin yaradılması üçün televiziyalarda, o cümlədən İctimai Televiziyada muxalif və mustəqil namizədlərin debatları təşkil edilməli, fikir pluralizmi təmin edilməlidir;
 
- seçki komissiyalarının üzvləri və hakim korpusuna  seçki qanunvericiliyinin tətbiqi və buna dair Avropa İnsan Hüquqları  Konvensiyası, eləcə də onun presedent hüququnun istifadəsini stimullaşdırmaq üçün səmərəli təlimlər keçirilməlidir.

Google+ WhatsApp ok.ru