Azərbaycandan bu il Həcc ziyarətinə ilk uçuş haçan olacaq?

Azərbaycandan bu il Həcc ziyarətinə VİP xidməti seçən zəvvarlar ziyarətə ayrıca təyyarə ilə uçacaq.
 
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, Azərbaycandan Həccə səfərin ilk günü-sentyabrın 11-i uçacaq reyslər ancaq VİP xidməti seçən zəvvarlara aid olacaq.
 
Növbəti gündən isə nisbətən ucuz xidmət variantını seçən zəvvarlar yola düşəcək. Bundan sonra sentyabrın 15-i Həccə yola düşəcək təyyarə reysləri VİP zəvvarlar üçün nəzərdə tutulub.
 
Qeyd edək ki, artıq Həcc ziyarətinə sənəd qəbulu başa çatıb və ötən gün saat 18:00-dan Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi vaxtın başa çatması ilə əlaqədar olaraq viza verilişini dayandırıb.
 
Ümumilikdə bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və yerlər dolub.
 
Sənəd qəbuluna martın 11-dən start verilib. Bu il ilk dəfə olaraq sənəd qəbulunun vaxtı yerlərin dolmaması səbəbindən indiyə qədər davam edib (ötən ilə qədər sənəd qəbulu üçün son tarix mayın 31-i müəyyən olunmuşdu). Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki variantda təklif olunur. Daha yaxşı şəraitli (VİP) hotellərdə qalmaq, keyfiyyətli yeməklərlə təmin olunmaq və 4 nəfərlik otaqlarda yerləşmək üçün təklif olunan variant 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün təklif olunan variantın qiyməti isə 4700 dollardır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə həyata keçirilir. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılır./

Google+ WhatsApp ok.ru