`Azərbaycanda insan haqları əhəmiyyətli şəkildə pisləşib` - AŞPA prezidenti Anne Brasseur

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının açılışında, qurumun prezidenti Anne Prasseur nitqinin bir hissəsini Azərbaycana həsr edib.
 
Sessiyanın açılışında Avropada insan haqlarının vəziyyətindən danışan Anne Brasseur qeyd edib ki, onun AŞPA prezidenti olduğu son iki il ərzində "Azərbaycanda insan haqlarının vəziyyəti əhəmiyyətli şəkildə pisləşib".
 
"Hədəfə alınan adamlar, onlara qarşı ittihamlar, həbs cəzalarının müddəti və məhkəmə işlərinin gedişatındakı açıq-aşkar anormallıq - bunların hamısı, hakimiyyətin Avropa Şurasının fundamental dəyərlərinə hörmət göstərmək istəyinə şəkk gətirir", Prezident Brasseur deyib. Rəsmi Bakı fəalların siyasi səbəblərə görə deyil, "konkret cinayət hallarına" görə həbs olunduğunu dəfələrlə təkrarlayıb.
 
Eyni zamanda Anne Brasseur regionda "zorakı ifratçılığa qarşı" görülən tədbirlərin uğrundan da danışıb, qadınlara və məişət zorakılığına qarşı İstanbul Konvensiyasının tətbiq olunmasını irəliləyiş kimi qeyd edib.
 
Leyla Yunus, Arif Yunus və Xədicə İsmayılovaya qarşı həbs cəzaları "dərin narahatlıq doğurur", AŞPA rəsmisi deyib.
 
Noyabr ayında Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini qeyd edən Prezident Brasseur, onun rəhbərlik etdiyi qurumun seçki monitorinq missiyasını göndərəcəyinin "bu gün səhər" təsdiqləndiyini bildirib.
 
"Amma mənim fikrimcə - və bu sadəcə mənim şəxsi fikrimdir - DTİHB-nin uzun- və qısa-müddətli müşahidəçiləri olmasa, seçkilərin bizim standartlara uyğun olub-olmamasını qiymətləndirmək çox çətin, hətta mümkünsüz olacaq".
 
O, Nyu Yorkda bu məsələni Azərbaycan Parlamentinin Spikeri Oqtay Əsədovla qaldırdığını açıqlayıb. Amma "çox təəssüflər olsun ki, görünür Azərbaycan hakimiyyəti öz mövqeyini dəyişmək niyyətində deyil".
 
Bu ay, əsas seçki monitorinq qurumu sayılan ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu (DTİHB) "Azərbaycanın tətbiq etdiyi məhdudiyyətlər" nəticəsində parlament seçkilərini müşahidə etməkdən imtina edib. XİN başçısı Elmar Məmmədyarov DTİHB tərəfindən göndərilən müşahidəçilərin sayının "qeyri-mütənasib xarakter daşıdığını" bildirib.

Google+ WhatsApp ok.ru