Azərbaycan iqtisadiyyatının yeni təhlükəsi

Dünya Bankı yeni hesabatı ölkə rəhbərliyi üçün həyəcan təbili çalıb.

 
Azərbaycan iqtisadiyyatı Rusiya ilə ticarət dövriyyəsinin artmasından zərər görməyə başlayıb. 
 
Maide.az xəbər verir ki,  bu barədə Dünya Bankının (DB) “Xammalın aşağı qiymətləri və zəif valyutalar” hesabatında bildirilir. DB-nin Avropa və Mərkəzi Asiya bölgəsi üzrə baş iqtisadçısı Hans Timmer Qazaxıstan paytaxtı Astana şəhərində hesabatın təqdimat mərasimində çıxış edərək bildirib ki, bu, Rusiyadakı iqtisadi azalma hesabına baş verib. 
 
Dünya Bankının (DB) hesabatında vurğulanan bu məqam Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarında da özünü göstərir. Məlumata görə, Rusiya ilə xarici ticarət dövriyyəsində ötən ilin 9 ayı ilə müqayəsədə bu ilin 9 ayında 400 milyon dollarlıq mənfi saldo yaranıb.
 
Belə ki, 2014-cü ilin yanvar- sentyabr aylarında Azərbaycandan Rusiyaya ixracat 470 milayon 268,56 min dollar təşkil etmişdisə, bu ilin yanvar- sentyabr aylarında bu, 270 milyon 217,66 min dollara düşüb. Rusiyadan idxal isə 2014-cü ildəki yanvar-sentyabr aylarındakı 897 milyon 792,24 min dollar göstəricisindən bu ilin uyğun ayları üzrə 1 milyard 71 milyon 055,73 dollara qədr artıb. Azərbaycandan ən çox mal ixrac olunan 10 ölkənin sırasına düşə bilməyən Rusiya 16,28%-lik payı ilə Azərabycana idxal edilən ölkələr siyahısına rəhbərlik edir. 
 
Azərbaycanın ixrac və idxal əməliyyatlarında əsas ölkələrin payı
 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramov idxal və ixracda baş vermiş bu dəyişikliyi Rusiya rublunun ucuzlaşması ilə izah edir. “Azərbaycandan Rusiyaya əsasən kənd təsərrüfatı malları ixrac edilir. Rus rublu ucuzlaşdığına görə, Azərbaycanın ixracatdan əldə etdiyi gəlirlər də ucuzlaşıb. Avropa mallarına qarşı embarqo tətbiq edən Rusiya Azərbaycanın rəqibi olan Türkiyə və İrana, digər postsovet ölkələrinə embarqo tətbiq etmədi. Bu isə Azərbaycan fermerlərini çətin vəziyyətə saldı”,- deyə Vüqar Bayramov ANS PRESS-ə bildirib. 
 
İSİM rəhbəri Rusiyadan idxalın artmasını da rublun ucuzlaşması ilə bağlayır: “Rus malları ucuzlaşıb və azərbaycanlı ticarətçilər bu malları ölkəyə gətirməyi əlverişli saymağa başlayıblar”. 
 
İqtisadçı alim baş vermiş dəyişikliyin mənfi təsirlərini aradan qaldırmaq üçün Azərbaycan fermerlərin loqistik dəstəyin verilməsini vacib sayır: “Bizim fermerlər Rusiya bazarlarında bir-birləri ilə rəqabət aparır. Onların Rusiyada yeni bazarlara çıxması üçün xüsusi xəritə tərtib edilməlidir”. 
 
Vüqar Bayramovun fikrincə, Azərbaycan fermerlərina həm də yeni bazarlara çıxmasını təmin etmək lazımdır: “Biz ixaracatın struktural şaxələnməsi ilə yanaşı, regional şaxələndirilməsini də təmin etməliyik. Təkcə Rusiya ilə kifayəitlənmək olmaz. Yaxın Şərq və Körfəz ölkələrinə də çıxmaq lazımdır. Məsələn, bizim ənənəvi məhsulumuz olan nar Pakistanda çox baha satılır, Avropadan idxal edirlər. Niyə bu məhsulu Hindistan Pakistan bazarlarına çıxarmayaq”.
 
Təbii ki, bütün bu problemlərin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həll edilməsinə ehtiyac var. Qərbdə, xüsusilə də aqrar sektorun inkişaf etdiyi ölkələrdə aqrar nazirliyin əsas funksiyası məhz bazarlar mövzusunda fermerlərə tövsiyyələr verməkdir. Buna görə də, əkinə başlayan fermer artıq ilk günündən hansı məhsulu yetişdirməyin, hansı bazara üz tutmağın əlverişli olacağı barədə xeyli məlumata malik olur. 
 
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi (KTN) isə hələ ki, belə proqnozlara hazırlamaq qabiliyyətində deyil. KTN sovet təcrübəsinin inzibatçılığına dayanaraq hələ ki, aqrolizinq funksiyasından başqa bir işlə məşğul olmur. Buna görə də, ölkə rəhbərliyi kənd təsərrüfatında uğur qazanmaq üçün ilk öncə bu nazirlikdə islahatlara başlamalıdır. Əks halda, iqtisadçı alimin bəhs etdiyi şaxələndirmə baş tutmyacaq. anspress /

Google+ WhatsApp ok.ru