Azərbaycanda qəddarlıqla törədilən cinayətlər niyə çoxalıb? – Psixoloq rəyi

Son zamanlarda Azərbaycanda xüsusi amansızlıqla törədilən cinayətlər və intiharların sayı artıb.
 
Son 2-3 gün ərzində bu qəbildən olan hadisələrə xüsusi diqqət çəkmək istəyir:
 
Noyabrın 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Hüseynov Malik Abbas oğlu "Azadlıq" stansiyasının yaxınlığında bank qarşısında üstünə benzin tökərək özünü yandırıb.
 
Respublika Yanıq Mərkəzinə yerləşdirilən yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda o, reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.
 
Özünü yandıran şəxs borcu olduğu üçün bu yola əl atdığını deyib. Malik Hüseynovun “Muğanbank”da avtokrediti olub. Krediti ödəyə bilmədiyi üçün maşını əlindən alınıb.
 
Noyabrın 23-də 16:30 radələrində 1981-ci il təvəllüdlü Məmmədov Mais Knyaz oğlu özünü dənizə atmaqla intihar etməyə cəhd edib.
 
Mais Məmmədov bildirib ki, maddi-sosial problemləri ilə bağlı özünü öldürmək istəyib.
 
Noyabrın 24-də isə 1994-cü il təvvəllüdlü Səriyyə Ramazanova aralarında yaranan şəxsi mübahisə zəminində evində kirayə qaldığı 1940-cı il təvəllüdlü Nəcəfova Səmayə Behbud qızına çoxsaylı bıçaq zərbələri endirib. Endirilən zərbələrdən bəziləri qadının baş və boğaz nahiyəsindən dəyib və 75 yaşlı qadın çoxlu qan itirdiyi üçün hadisə yerində dünyasını dəyişib.
 
Bunlar hələ son 2 gündə baş verən hadisələrdir. Xüsusi amansızlıq və qəddarlıqla törədilən hadisələrlə bağlı daha çox fakt gətirmək mümkündür. Amma əsas diqqət çəkmək istədiyimiz məqam budur: bu hadisələrin sayının çoxalmasına səbəb nədir?
 
Məsələ ilə bağlı psixoloq Dəyanet Rzayev gün.az-a açıqlamasında bildirib ki, bu bir neçə faktorla əlaqəlidir. Bunlardan biri, son zamanlar insanların maddi vəziyyətinin pisləşməsi fonunda artan aqressivlikdir:
 
“İnsanın gəliri azaldıqca dolanışığı pisləşir. Belə olan halda əsəb və gərginlik artır. Aqressiyası artan insan cinayət törətdikdə də hirsini cilovlaya bilmir və xüsusi amansızlığa əl atır”.
 
Psixoloq deyib ki, digər bir faktor insanların filmlərdən təsirlənməsidir:
 
“Əvvəllər kinolarda cinayət epizodları qəddarlıqla müşayiət olunmurdu. Səhnələrdə xüsusi amansızlıqla törədilən cinayətlər var idisə də, çox az idi. Amma indi zorakılıq və cinayət tərkibli döyüş filmlərində xüsusi qəddarlıq törədilən cinayət səhnələri çoxdur. Belə səhnələrə baxan insanlar bundan təsirlənir və cinayət törətdikdə həmin səhnələr onlara şüuraltı təsir edir. Ona görə də cinayətkar şəxs səhnədə gördüyünü tətbiq etmək istəyində olur”.
 
Dəyanət Rzayev amansızlıqla törədilən cinayətlərin sayının çoxalmasını siyasi proseslər fonunda gedən müharibələrlə də əlaqələndirib:
“İŞİD Suriyada və İraqda qəddarlıqla cinayətlər törədir. Baş kəsirlər, yadırırlar, partladırlar və ağlagəlməz formada digər cinayətlər həyata keçirirlər. Bu görüntüləri internetdə, sosial şəbəkələrdə, televiziyalarda yayırlar. Bu da insanlara mənfi təsir edir. Cinayətkarlığın da amansız forması artır”.

Google+ WhatsApp ok.ru