Azərbaycanda qadın qisas almaq bəhanəsi ilə 17 yaşlı qaynı oğluna 6 bıçaq zərbəsi vurub

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Bəcirəvan kəndində qeydə alınıb. Həmin kəndin sakini  17 yaşlı Məhəmməd Qarayev əmisinin həyat yoldaşı Şəmsiyə Məmmədova tərəfindən bıçaqlanıb. Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan "Report"a bildirilib ki, yaralının vəziyyəti ağır olduğundan əməliyyat olunub: "M.Qarayev altı bıçaq zərbəsi xəsarəti ilə xəstəxanaya gətirilib. Çoxsaylı kəsilmiş-deşilmiş yaraları olan xəstə əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır".
Hadisəni törədən S.Məmmədova Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və istintaqa cəlb olunub.
Qeyd edək ki, hadisənin qisas zəmnində baş verdiyi bildirilir. Belə ki, ötən il S.Məmmədovanın oğlu Adil Qarayev kanlada çimərkən boğulub. A.Qarayev boğulan zaman onun əmisi oğlu M.Qarayev də onun yanında olub. S.Məmmədova oğlunu M.Qarayevin suda batıraraq boğduğunu iddia edib və cinayəti oğlunun qisasını almaq üçün törətdiyini bildirib.

Google+ WhatsApp ok.ru