Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 100 dəfə atəş zərbəsi endirib

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 96 dəfə pozub. 
 
Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Dovex, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
 
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 100 dəfə atəş zərbəsi endirib.

Google+ WhatsApp ok.ru