Azərbaycanda maaşlar inflyasiyadan qorunurmu? - EKSPERT ŞƏRHİ

 Manatın il ərzində iki dəfə kəskin devalvasiyaya uğraması nəticəsində insanlar faktiki olaraq, gəlirlərinin böyük bir hissəsini itirdilər. Yəni, manatın alıcılıq qabiliyyəti azaldığından əhali devalvasiya faizinə uyğun olaraq, gəlirlərinin bir qismindən məhrum oldu. İqtisadçı ekspertlər də manatın kəskin dəyər itirməsi fonunda inflyasiya faizinin əvvəlki illərlə müqayisədə yüksək olacağını düşünürlər.
 
Xarici təcrübəyə nəzər salsaq, görərik ki, bir çox ölkələrdə, o cümlədən də qardaş Türkiyədə əhaliyə illik inflyasiya dərəcəsinə uyğun olaraq, əmək haqlarından və pensiyalardan itirilən vəsaitlər ilin sonunda ödənilir. Ölkəmizdə isə bu təcrübə yalnız pensiyalarla bağlı tətbiq olunur. Əhali manatın dəyərsizləşməsi fonunda nə qədər itkiyə məruz qalsa da, bu, dövlət tərəfindən ödənilmir. 
 
İqtisadçı ekspert Vüqar Bayramov isə musavat.com-a açıqlamasında əmək haqlarının indeksasiyasının vacib olduğunu vurğuladı: “Azərbaycanda sözügedən sistem yalnız pensiyaların hesablanmasına tətbiq olunur. Hər il yanvar ayında pensiyaların məbləği əvvəlki ilin inflyasiya göstəricisinə indeksasiya olunur. Lakin bu sistem digər əməkhaqlarını və sosial müavinətləri əhatə etmir. 
 
Ancaq əslində, bu sistem yalnız pensiyalara deyil, əmək haqqı və digər təqaüdlərə də tətbiq olunmalıdır. Çünki, inflyasiya eyni zamanda əmək haqlarının real dəyərini də azaldır. Biz dəfələrə təklif etmişik ki, ilin sonunda inflyasiya səviyyəsinə uyğun olaraq, əmək haqları da indeksasiya olunsun. Bu, əlavə xərc yaratdığı üçün hökumət hələlik bunu tətbiq etmir. Lakin bunun tətbiqi olduqca vacibdir. Bu addım vətəndaşların əmək haqlarının inflyasiya tərəfindən yeyilməsinin qarşısını ala bilər”. 
 
Vüqar Bayramov başqa bir məqama da toxunaraq, qeyd etdi ki, Dövlət Statistika Komitəsinin elan etdiyi inflyasiya göstəricisi real inflyasiyanın səviyyəsini əks etdirmir: “Ona görə də, əmək haqlarının indeksasiyası zamanı real inflyasiya göstəricisindən istifadə olunması vacibdir. Yaxşı olar ki, hökumət müstəqil qurumlara, beyin mərkəzlərinə inflyasiyanın heasblanması ilə bağlı göstəriş versin və beyin mərkəzlərinin hazırladığı rəqəmlər indeksasiya üçün istifadə olunsun. 
 
Rəsmi statistikaya görə, 2015-ci ildə inflyasiya səviyyəsi 4 faizdən az olub. Ancaq təbii ki, bu, real inflyasiya göstəricisi deyil. Elan olunan inflyasiya səviyyəsinin real inflyasiya göstəricisini əks etdirməməsi əmək haqlarının indeksasiya zamanı yüksək həddə artmasına təsir göstərmir. İstənilən halda, əmək haqları və təqaüdlərin indeksasiyası həyata keçirilməlidir ki, əhalinin aldığı məvaciblər inflyasiyadan dəyər itirməsin”. 
 
İqtisadçının sözlərinə görə, Azərbaycan əhalisi hər il real inflyasiya göstəricisinə uyğun olaraq, gəlirlərinin müəyyən faizini itirir, lakin bunu dövlətdən geri ala bilmir: “Məsələn, 2015-ci ildə bizim hesablamalarımıza görə, real inflyasiya təxminən 10 faizdir. Bu isə o deməkdir ki, vətəndaşlar gəlirlərinin 10 faizini itiriliblər. Yaxşı olardı ki, vətəndaşın il ərzində itirdiyi vəsaitlər ilin sonunda real inflyasiya faizinə görə hesablansın və ona ödənilsin”. musavat/

Google+ WhatsApp ok.ru