Azərbaycan növbəti devalvasiyanın astanasında; Fevralda dollar yenə bahalaşacaq

Bəlli olduğu kimi, dünya valyuta bazarında ABŞ dollarının mövqelərinin güclənməsi və cari məzənnəsinin ən geci fevralın 15-dək avronu üstələməsi proqnozlaşdırılır. Dekabrda ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmağa başlamasından sonra USD/EUR məzənnəsi əks hərəkət həyata keçirib və 1,06-dan 1,10 səviyyəsinə qədər sərt bir şəkildə artıb.
 
Deyilənə görə, FES-in növbəti iclası fevralın 1-də olacaq və bu iclasda uçot dərəcəsinin artırılması gözlənilmir. Lakin martın 15-də keçiriləcək növbəti iclasda uçot dərəcəsinin 0,25-0,50 faiz bəndi artırılmasını proqnozlaşdırılır. FES rəhbərliyindən gələn açıqlamalarda uçot dərəcəsinin artırılması üçün qlobal bazarda sabitliyin olması şərtinin irəli sürüldüyü diqqətə çarpır. Bu da martın əvvəlindən dünya bazarında istər fond birjaları, istər əmtəə qiymətləri, istərsə də valyuta cütlüklərinin pozitiv əhval-ruhiyyədə olması zərurəti yaradır. “Lakin dolların möhkəmlənməsi də qaçılmazdır. Deməli, dollarınn möhkəmlənməsi daha erkən, yəni artıq bu gündən baş tutacaq və bununla paralel dünya fond birjaları və əmtəə qiymətləri də kəskin azalacaq”, – deyə analitiklər qeyd edir.
 
Dollar/avro məzənnəsinin artıq fevralın ortasına qədər 0,95-0,98 USD/EUR diopazonuna enəcəyi proqnozlaşdırılır: “Daha sonra, aprel ayının əvvəlinə qədər məzənnə yenidən paritetin üstünə çıxacaq. Dolların möhkəmlənməsinə Avropa Mərkəzi Bankının (ECB) monetar ekspansiya qərarında tərəddüd etməsi də dəstək verir”.
 
 
“Azərbaycanda isə dolların rəsmi məzənnəsinin fevralın 15-dək 1,60 AZN/USD-yə qədər yüksələcəyi, mütəşəkkil valyuta bazarında isə 1,70-1,75 AZN/USD aralığında olacağı ehtimal edilir”, – deyə Agentliyin ekspertləri bildiriblər (Report).
 
İqtisadçı-ekspert Məhəmməd Talıblı məsələyə münasibət bildirərək söyləyir ki, FES-in uçot dərəcəsində yenidən dəyişikliklərin edilməsi gözləniləndir. Hətta ABŞ Mərkəzi Bankı bundan sonra iki dəfə də bu mövzuya yenidən qayıda bilər: “Beləliklə, uçot dərəcəsində dəyişikliklər dolların dəyər qazanması üçün əsasdır. Bu addım təkcə ABŞ-da yox, dünya maliyyə bazarında dollar tələbinin artmasını stimullaşdırır. Beləliklə FES-in bu addımı yaxın gələcəkdə ABŞ dollarının mövqeyinin daha da güclənməsi üçün əsas olacaq. Bu addımla ABŞ konqresinin digər addımının eyni zaman kəsiyinə təsadüf etməsi də fərqli iqtisadi situasiya doğracaq. ABŞ-ın neftin ixracatına qoyduğu qadağanı 40 ildən sonra aradan götürməsi onu deməyə əsas verir ki, enerji bazarına yeni oyunçu daxil olur. Bu isə neftin qiymətinin aşağı düşməsi üçün əsasdır. Hər iki qərar arasında sinxronluğu sezməmək mümkün olmur. Bu isə dolların dəyərinin artması üçün əsas rol oynayacaq”.
 
FES uçot dərəcəsinə yenidən dəyişikliklər edəcəyi təqdirdə Azərbaycan növbəti devalvasiyaya gedə bilər. Nəzərə alsaq ki, hazırda ölkədən pul axını sürətlənib, digər tərəfdən vətəndaşlar pullarını dollara çevirməyə üstünlük verirlər, o zaman manatın daha da ucuzlaşacağı real görünür.azadliq /
 

 

Google+ WhatsApp ok.ru