Azərbaycana gətirilən mallar Qazaxıstanda niyə saxlanılıb?

Çinin Urumçi şəhərindən Azərbaycana gətirilməli olan mallar 2015-ci ilin sentyabrından Qazaxıstanda saxlanılır. Qazaxıstan gömrüyü bu malların çıxarılmasına imkan vermir.
 
Bu haqda AzadlıqRadiosuna «Sədərək» Ticarət Mərkəzindən adının çəkilməsini istəməyən bir işadamı məlumat verilib: «Keçən ilin sentyabrından bizim mallar Qazaxıstan gömrüyündə saxlanılır. Çindən malları «Çin-Karqo» firması gətirirdi. Amma bu saxlanmanın səbəbi bizə məlum deyil. Firma rəhbərləri də bu barədə açıq danışmaq istəmir. Ancaq mülahizələrə malikik. Kimi deyir, 10 milyon dollarlıq maldır, rüsum az verilsin deyə, dəyəri gömrükdə çox az göstərilib. Kimi deyir ki, qadağan edilən mallar olub. Kimisə də deyir ki, eləcə dərman preparatları gətirirmişlər, ona görə saxlanılıb. Bir sözlə, həqiqətin nə olduğunu bizə demirlər». 
 
İşadamının özünün də ehtimalı var. Onun deməsinə görə, həmin yüklərin içində Azərbaycanda kimlərinsə inhisarında olan mallar var. Həmin malların artıq Rusiya bazarlarında satılması barədə xəbərlər alırlar. Üstəlik, bu məsələ ilə bağlı hazırda Qazaxıstanda məhkəmə prosesi getməsi haqda da eşidiblər.
 
Ancaq bu deyilənlərə, hələlik, rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb.
 
Müstəqil ekspertlər isə deyirlər ki, Azərbaycan gömrüyündə xaricdən idxal edilən malların dəyəri bəzən bilərəkdən azaldılır. Bunda isə məqsədin iş adamlarından əlavə rüşvət almaq olduğu bildirilir.
 
Gömrük Komitəsi isə belə fikirləri təkzib edir.

Google+ WhatsApp ok.ru