Azərbaycan, İran və Rusiya XİN rəhbərlərinin görüşü aprelin 7-də keçiriləcək

RF XİN rəhbəri Sergey Lavrov aprelin 7-də Azərbaycan və İran XİN rəhbərləri ilə görüşmək üçün Bakıya səfər edəcək. Bu barədə cümə axşamı keçirilən brifinqdə RF XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib.
 
“Regional əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsi aparılması, xüsusən perspektivli nəqliyyat layihələrinin və Xəzərdə çoxtərəfli qarşılıqlı fəaliyyət mövzusunun müzakirə olunması planlaşdırılır”, deyə o bildirib.
 
Xatırladaq ki, söhbət hər üç ölkənin ərazisindən keçən və şimal ölkələrini Orta Şərqlə birləşdirən “Şimal-Cənub” dəmir yolu dəhlizindən gedir.
 
Bu marşrutun işə salınması və cəzbedici olması üçün Moskva, Bakı və Tehran hüquqi, iqtisadi və strateji xarakterli məsələləri razılaşdırmalıdırlar.
 
Bir müddət əvvəl Moskva bununla bağlı Tehranla ikitərəfli məsləhətləşmələr aparıb.
 
Bakı da bu mövzunu İran tərəfi ilə müzakirə edib. Üçtərəfli formatda və bu səviyyədə məsələ müzakirə olunmayıb.
 
Hələlik Bakıda nazirlərin görüşünün yekunlarına görə hər-hansı sənədlərin imzalanmasının planlaşdırılıb-planlaşdırılmadığı məlum deyil. 

Google+ WhatsApp ok.ru