Azərbaycan Dövlət Neft Fondu valyuta satışını azaldacaq

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan dövlət büdcəsinin icrasında 1 054,6 mln. manat məbləğində profisit yarandığından Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin həcmi II rübdə azala bilər. 
I rübdə ARDNF tərəfindən dövlət büdcəsinə 1 660,0 mln. manat vəsait transfert edilib. Ümumiyyətlə, 2016-cı ildə Fonddan dövlət büdcəsinə 7 615 mln. manatın transferti planlaşdırılır. Qeyd edək ki, ARDNF ilk rübdə Azərbaycan Mərkəzi Bankının (AMB) müntəzəm keçirdiyi valyuta hərraclarında 1 253,6 mln. ABŞ dolları həcmində valyuta kütləsini manata konvertasiya edib. Hesabat dövründə ABŞ dollarının orta rəsmi məzənnəsinin 1,58 AZN/USD ətrafında olduğunu nəzərə alsaq, ARDNF-in bu hərracların yekununda 1 980 mln. manat vəsait əldə etdiyini, bunun da 1 660 mln. manatını büdcəyə transfert etdiyini görərik. Nəticədə, ARDNF-də milli valyutada 300 mln. manata yaxın əlavə vəsaitin olduğu müəyyənləşir.
"Report"un analitik qrupu hesab edir ki, büdcədə yaranan profisitə valyuta satışından əldə edilən vəsaitlə faktiki transfertin arasındakı fərqi də əlavə etsək, II rübdə büdcəyə cüzi miqdarda transfertin həyata keçiriləcəyi proqnozlaşdırılır. Valyuta bazarında cari tələb ciddi şəkildə yaranmasa, ARDNF-in aprel-iyun aylarında 200-300 mln. dollar həcmində valyuta satışı ilə kifayətlənəcəyi ehtimal olunur.

Google+ WhatsApp ok.ru