Azərbaycan mətbuatı bu gün hansı günlərini yaşayır? - Sorğu

3 may - Beynəlxalq Mətbuat Azadlığı Günüdür. 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyin təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara alıb.
 
“Turan” İnformasiya Agentlyinin rəhbəri Mehman Əliyev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Azərbaycan mətbuatının problemləri ilk olaraq 1990-cı illərdən başlayıb: “1990-cı illəri ölkə mətbuatının iqtisadi cəhətdən məhv olunmasının başlanğıcı hesab etmək olar. Bu baxımdan yaxın gələcəkdə ən ciddi problem kimi, ölkə mediasının iqtisadi problemlərini qeyd etmək olar. Düşünürəm ki, ilk vəzifə olaraq Azərbaycan mətbuatının iqtisadi azadlığını bərpa etmək istiqamətdə işlər görülməlidir. Bu gün əsas vəzifə kimi bu qeyd edilməlidir. Düşünürəm ki, gələcəkdə bu məsələ elə düşündüyümüz kimi də olacaq. Çünki, Azərbaycanda başlanan islahatların davamının olması qaçılmazıdır. Bu baxımdan düşünürəm ki, ölkədə baş qaldıran iqtisadi azadlıqlar nəticə etibarı ilə mətbuatın da iqtisadi azadlığına gətirib çıxardacaq. Bu yolda xeyli məsələlər öz müsbət həllini tapacaq. Müstəqil mətbuatın formalaşması prosesi təbii olaraq öz yoluna düşəcək.
 
“Ayna” və “Zeraklo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Deyerler.org-la fikirlərini bölüşərkən qeyd edib ki, Azərbaycan mətbuatının indiki vəziyyətini dəyərləndirmək o qədər də asan məsələ deyil: “Çox təəssüflər olsun ki, ölkədə informasiya ilə necə işləmək lazım oluduğunu tam aydınlaşmayıb. Ölkədә informasiya ilə işləyə bilənlərin sayı kifayət qədər azdır. Bu sahədə işləyən peşəkarlara ciddi şəkildə ehtiyac var. Bəzən bu istiqamətdə yaranan problemlərin də kökündə mövzuya peşəkarcasına yanaşmama dayanır. Bu gün jurnalistika sahəsinə təbliğat və təşviqat məsələsi çox azlıq təşkil edir. Elə bunun da nəticəsi olaraq media ilə bağlı indiki vəziyyət heç də ürəkaçan durumda deyil”.
 

Google+ WhatsApp ok.ru