Azərbaycanlı sürücülər Aktau limanında problemlərlə üzləşir

Azərbaycanlı sürücülər Aktau limanında problemlərlə üzləşir

Azərbaycan, Türkiyə və İrandan olan sürücülər Qazaxıstanın Aktau dəniz limanında tətbiq olunan yeniliklərdən narazıdırlar.


"APA-Economics" "Astana" telekanalına istinadən xəbər verir ki, adıçəkilən ölkələrdən olan sürücülərin narazılığına səbəb liman ərazisindəki keçid məntəqələrində nəzarətin gücləndirilməsidir. Nəzarət tədbirləri Qazaxıstanda terror təhlükəsi ilə əlaqədar gücləndirilib.

 

Sürücülər bildirir ki, onlar müvafiq sənədləşdirmə prosedurlarını keçdikdən sonra bir müddət limanın ərazisini tərk edə bilmirlər. Faktiki olaraq, müvafiq qurumların göstərişi ilə bir neçə saatlıq "həbs" olunur.

 

"Biz sənədləşdirmədən sonra küçəyə çıxıb, sonra geri qayıda bilərik. Ancaq bizə bunu etməyə də icazə vermirlər. Liman ərazisində bir dənə də mağaza yoxdur. Bundan başqa, burada yataq yerləri və hamam belə mövcud deyil. İnsanları çox narahat şəraitdə saxlayırlar", - deyə sürücülər qeyd edib.

 

Limanın bərə kompleksinin rəisi Natalya Yaroşenko isə iradlarla razılaşmır: "Hansı maşının içini yoxlasan, sürücülərin yeməyi də, çayı da var".

Limanın sərhəd nəzarəti hərbi bölməsinin rəhbəri Rafael Axmetov isə bildirib ki, ölkədə antiterror təhlükəsi ilə əlaqədar birbaşa giriş və çıxış məhdudlaşdırılır: "Limanın ərazisi strateji obyekt sayılır. Giriş-çıxı zamanı bəzi yubanmalar rəsmiləşdirmə tədbirləri ilə bağlıdır". /

Google+ WhatsApp ok.ru