Azərbaycanda ilanlar niyə artıb? - Alimin izahı

Azərbaycanda ilanlar niyə artıb? - Alimin izahı

Mütəxəssislər deyir ki, insanlar ilanların yerlərini “əlindən aldıqlarından” onların yaşayış yerlərinə hücumları da, adamları sancmaları da artır

“İstisu kəndinin dağ tərəfinə getmişdim. Daşlıq yerdən keçəndə ayağımın arxasından sancdı. Kənd adamları tez ayağımı bağladılar, maşına qoyub bura gətirdilər. 3 saat yarıma xəstəxanaya çatdıq. Burda zərdab vurandan sonra başqa müalicələr eləyirlər”.

38 yaşlı Lənkəran sakini Yusif Əliyev Bakıdakı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində müalicə olunur. Onu üç gün əvvəl ilan sancıb. Xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub:

İlan sancan Lənkəran sakini Yusif Əliyev deyir, onu 3 saata Bakıya çatdırıblar.

“İlan çalan yer möhkəm ağrıyırdı, başım dayanmadan hərlənirdi”. Yusif Lənkərandan Bakıya gətirilənə qədər durumunu belə xatırlayır.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyir ki, Yusif xəstəxanaya çatdırılanda qan təzyiqi düşüb, durumu pisləşibmiş. “Bir az da geciksəydi, şoka düşəcəkdi”. Həkim indi Yusifin vəziyyətinin yaxşılığa doğru getdiyini söyləyir.

Apreldən başlayaraq bütün yay boyu Azərbaycanda ilan, əqrəb, qaraqurd sancmalarının “mövsümü” sayılır. Azər Maqsudov deyir ki, sancmalarla bağlı müraciətlər ən çox Yevlax, Bərdə, Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Şəmkir və cənub rayonlarından gəlir. Bakı kəndləri arasında isə daş karxanalarının yerləşdiyi Zirə, Güzdək, Qobu kəndlərindən müraciətlər çoxdur. Həkimin sözlərincə, 10 il əvvələ qədər qaraqurd sancması olmayıb, bu, yeni sancma növü sayılır.

Azər Maqsudov: "Zərdab təminatında heç bir problem yoxdu"

Ancaq indi il ərzində qaraqurd sancması ilə bağlı 30-a yaxın müraciət gəlir. Aprelin 20-dən bu günə qədər sancmalarla bağlı toksikologiya şöbəsinə 28 xəstə gətirilib. Bunların da hamısı ilan sancmasıdır. Keçən ilin eyni dövründə müraciət edənlərin sayı 40, bütövlükdə yay ərzində 100-ə yaxın olub. Keçən il ilansancmadan bir nəfər olub.

Ekoloq Telman Zeynalov ölkədə ilansancmalarının çoxalmasını insanların ilanları yerindən didərgin salmasıyla izah edir:

Telman Zeynalov: "İlanlar hücum eləyəcək də. Yerlərini zəbt eləmişik"

“İndi insanlar ilanların yerini zəbt eləyir, yarımsəhra və çöllük yerlərdə evlər tkirlər. Yazıq ilan neyləsin, biz onların torpaqlarını əllərindən almışıq. Onlar da gedib bir yerdə gizlənməlidirlər, ya yox? İlanlar yerlərini tərk eləyəndə kəndlərə doluşur. Ona görə sayları çoxalır”.

Milli Elmlər Akademiyasının Zoologiya İnstitunun direktor əvəzi Elman Yusifov ilanların çoxalması səbəbləri arasında qlobal iqlim dəyişikliyini, tikinti sahələrinin artmasını da görür:

Elman Yusifov: “Yarımsəhra ərazilərin sahəsi artır. İlanlar üçün əlverişli biotoplar, yem bazası artır"

“Yarımsəhra ərazilərin sahəsi artır. İlanlar üçün əlverişli biotoplar, yem bazası artır. Yer, biotop, yem bazası artanda fərd çoxalır, bu, təbiətin qanunudur. Başqa bir səbəb tikinti ilə əlaqədar ola bilər. Məsələn, konkret bir ərazidə, bir hektarda tutaq ki, iki ilan olur. Ancaq çoxalan tikinti, urbanizmin təsiri ilə digər yerlərdəki ilanlar sakit ərazilərə qaçıb gəlirlər. Beləliklə, bu ərazilərdə ilanların sayı artır. Üçüncüsü də təbiətdəki periodikliklə bağlıdır. Məhsul bolluğu, ya da günəşin radiasiyası təbiətdə periodiklik yaradır. 3 ildən, 5 ildən, 10 ildən bir hansısa növün, dəstənin, sinfin sayı kəskin artır”.

Zərdab var, problem paylamaqdaymış

Üç gün əvvəl ilan sancmış Yusif Əliyev deyir ki, ona zərdab Bakıda, hazırda müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vurulub.

Xüsusilə bölgələrdə, kənd yerlərində ilan əleyhinə zərdabın olmaması da əsas problem sayılır. Ancaq ölkənin baş toksikoloqu Azər Maqsudov deyir ki, zərdab bahalı preparat olsa da, bütün rayonların mərkəzi xəstəxanaları bununla təmin olunur. Vurulması da pulsuzdur:

“Zərdab təminatı ilə bağlı heç bir problem yoxdur. İlin əvvəlindən biz Səhiyyə Nazirliyinin innovasiya şöbəsinə məktub göndərmişik. Artıqlaması ilə zərdab alınıb, paylaşma gedir. Həm Bakı şəhərinə, həm təcili yardım stansiyalarına, həm də mərkəzi rayon xəstəxanalarına verilib. Kəndlərdəki tibb məntəqələrini rayon mərkəzi xəstəxanaları təmin etməlidirlər. Əgər kənd xəstəxanaları alıb istifadə edirlərsə, yenidən almalıdırlar. Bu işlə rayon mərkəzi xəstəxanaları məşğul olmalıdırlar. Ümumilikdə, zərdab artıqlaması ilə var. Ancaq onu paylaşdırmaq lazımdır”.

Azər Maqsudovun sözlərinə görə, ilan vuranın həyatının xilas edilməsi üçün ilk 2-3 saatda ilkin tədbir görülməli, təyinatla zərdab vurulmalıdıır. Uşaqlara görə bu iş daha qısa müddətə görülməlidir. /  (Azadlıqradiosu)

Google+ WhatsApp ok.ru