Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma azalıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma azalıb

Daşımaların 99,8%-i dövlət müəssisələri vasitəsi ilə həyata keçirilib
 
 Cari ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 627,0 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% və ya 0,6 min nəfər az sərnişin daşınıb. Daşımaların 99,8%-i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
 Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 18,8% artaraq 58,9 min tona çatıb.
Təhlil olunan dövrdə nəqliyyatçılar 749,2 mln. nəfərə və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,8% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,6 %-i avtomobil nəqliyyatı, 12,2 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən yanvar-may aylarında 85,6 mln. ton yük daşınıb və 2015-ci ilin müvafiq dövrünə nisbətən 3,0% azalma müşahidə olunub. Yüklərin 2,5%-i dəniz, 6,7%-i dəmir yolu, 0,1%-i hava, 61,8%-i avtomobil nəqliyyatı, 28,9%-i isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 1,2% artaraq 62,4 mln. ton təşkil edib.
Xatırladaq ki, 2015-ci ilin yanvar-may aylarında hava nəqliyyatı ilə 627,6 min sərnişin daşınıb, daşımanın 99,6%-i dövlət, 0,4%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. (report)

Google+ WhatsApp ok.ru