Azərbaycanlı investorların İranda otel inşa etməsi üçün güzəştli proqram hazırlanır

Azərbaycanlı investorların İranda otel inşa etməsi üçün güzəştli proqram hazırlanır

İran Azərbaycanlı investorlara ölkənin müxtəlif şəhərlərində otel tikmək üçün xüsusi güzəştlər təqdim edir.
 
Bunu APA-nın Tehran müxbirinə açıqlamasında İranın vitse-prezidenti, Mədəni irs, əl işləri və Turizm təşkilatının sədri Məsud Sultanifər deyib.
 
M.Sultanifər deyib ki, hazırda Azərbaycanlı investorlara İranın önəmli və turizm şəhərlərində otel tikmək üçün xüsusi güzəştləri nəzərdə tutan proqram hazırlanır: “Gündəlikdə olan digər proqram Azərbaycan vətəndaşlarının İrana daha rahat və təhlükəsiz səfər etməsi üçün aktiv turizm agentliklərini təşkilatlandırmaqdır. İki ölkə arasında nəqliyyat infrastrukturu inkişaf etdirilir və bu sahədə effektli işlər görülür. Təbriz, Urmiya və Məşhəd Azərbaycanlı turistlərin səfər etdiyi şəhərlərdir. Bu şəhərlərdə onların rifahı üçün tədbirlər görülür. Biz istərdik ki, azərbaycanlı investorlar Azərbaycan vətəndaşlarının daha çox səfər etdiyi şəhərlərdə otellər tiksinlər.”
 
M.Sultanifər əlavə edib ki, iki ölkə arasında tezliklə viza rejimi sadələşdiriləcək: “Belə ki, Azərbaycan İran vətəndaşlarına hava limanlarında 10 avroya viza verəcək.  Ümid edirik tezliklə Azərbaycan İran vətəndaşları üçün viza rejimini ləğv edəcək. Rusiya ilə də viza rejiminin ləğvinə dair müzakirələrimiz davam edir, ümid edirəm ki, yaxın aylarda bunun şahidi olacağıq.”
 
Qeyd edək ki, İranın Mədəni irs, əl işləri və Turizm təşkilatının statistikasına görə, hər il İrana 1 milyondan çox Azərbaycan vətəndaşı səfər edir. Qonşu ölkələr arasında İraq İrana səfər edən turist sayına görə liderlik edir.

Google+ WhatsApp ok.ru