Azərbaycanda palçıq vulkanlarının yaranma səbəbləri fərqli istiqamətdə öyrəniləcək

Azərbaycanda palçıq vulkanlarının yaranma səbəbləri fərqli istiqamətdə öyrəniləcək

Azərbaycanda palçıq vulkanlarının əmələ gəlmə səbəbləri, onların təzahür mexanizmi ilə bağlı yeni elmi araşdırmalara başlanıb.
 
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev APA-ya açıqlamasında deyib ki, vulkanların əmələ gəlmə səbəblərinin öyrənilməsinə yönələn elmi tədqiqat işləri Ukrayna Elmlər Akademiyasının alimləri ilə birgə aparılır: “Bu il Ukrayna alimləri Qara dənizdə tədqiqat aparan zaman vulkanlarda təsadüfi yeni təbii əmələgəlmələrə rast gəliblər. Belə ki, onlar palçıq vulkanlarının yer səthinə çıxardığı tullantılarda qızıl, gümüş, dəmir, mis aşkarlayıblar. Bundan sonra Ukrayna alimlərinin məsləhəti ilə Azərbaycanda da palçıq vulkanlarının əmələ gəlmə səbəbləri yeni üsullarla öyrənilməyə başlanıb".
 
Artıq çöl işlərinin aparıldığını deyən A.Əliyev vurğulayıb ki, Abşeron yarımadası, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan və digər ərazilərdə yerləşən 20 vulkandan tullantılar götürülüb. Tullantılar ətraflı analiz olunacaq və cavab alındıqdan sonra iş barəsində fikir söyləmək mümkün olacaq. Bunun palçıq vulkanlarının öyrənilməsində yeni elmi istiqamət olduğunu söyləyən şöbə müdiri bildirib ki, 40-50 il ərzində Azərbaycanda palçıq vulkanları dərində yatan neft-qaz yataqlarının axtarışı, seysmiklik, vulkan palçığının müalicəvi əhəmiyyəti ilə əlaqədar öyrənilib: “Bu vaxta kimi fikir irəli sürülürdü ki, palçıq vulkanlarının əmələ gəlməsi, onların təzahür mexanizmi çöküntü qatla əlaqədardır. Lakin ukraynalı geoloqlar vulkan palçığında süxur qırıntılarına yox, təbii əmələgəlmələrə, minerallara rast gəliblər. Bu, yenilik olduğundan məsələyə yenidən yanaşdıq. Əgər onlarda alınan məlumatlar bizdə də alınsa, o zaman palçıq vulkanlarının əmələ gəlməsi və təzahür mexanizmi ilə bağlı elmi yenilik ortalığa çıxacaq. Əsas elmi yenilik ondan ibarətdir ki, aparılan araşdırmalardan sonra Azərbaycanın palçıq vulkanlarında da belə nəticələr əldə edilsə, onların əmələ gəlməsini bu vaxta kimi qəbul olunmuş çöküntü qatla yox, daha böyük dərinliklərlə əlaqələndirilməliyik”.
 
A. Əliyevin sözlərinə görə, proseslər gələn ilin sonlarına qədər davam edəcək və müxtəlif tədqiqat işləri aparılacaq. Gələn il ərzində bu barədə tam məlumat əldə olunacaq. /

Google+ WhatsApp ok.ru