Azərbaycanda mobil operatorlarla bağlı yeni tələblər

Azərbaycanda mobil operatorlarla bağlı yeni tələblər

Azərbaycanda rabitə müəssisələri (operatorlar) ilə bağlı yeni tələblər irəli sürülür.
 
Maide.Az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 362-1 və 362-2 maddələrinin əlavə edilməsi təklif olunur.
 
362-1 maddəsində rabitə müəssisələri (operatorlar), həmçinin onların diller və distribütorları tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə cərimələrin tətbiqi nəzərdə tutulur.
 
Həmin maddəyə əsasən, yuxarıda qeyd olunan tələbin yerinə yetirilməməsinə görə, vəzifəli şəxslər iki min, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd min, hüquqi şəxslər altı min manat cərimə edilir.
 
362-2-ci maddədə isə ərizəçiyə dair məlumatların vahid məlumat bazasına elektron formada daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə cərimələr nəzərdə tutulur. Bu tələbin yerinə yetirilməməsinə görə, vəzifəli şəxslər iki min, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd min, hüquqi şəxslər altı min manat cərimə edilir.
 
Təklif edilən dəyişikliklərin Milli Məclisin növbəti plenar iclaslarında müzakirəyə çıxarılacağı gözlənilir.
 
 

Google+ WhatsApp ok.ru