Azərbaycanda 'sarı kağız' qəhətə çəkilib, kritik vəziyyət yarana bilər

Azərbaycanda 'sarı kağız' qəhətə çəkilib, kritik vəziyyət yarana bilər

Azərbaycan nəşriyyatları kağız qıtlığı problemini yaşayır. Səbəb - kağızın bahalanmasıdır.
 
AzadlıqRadiosuna bugünlərdə kitabını çap etdirmək istəyən müəlliflərdən biri belə deyib. Onun özlərinə görə, kağız qıtlığı ucbatından, üz tutduğu “Kitab klubu” nəşriyyatında ona müəlliflərin adı yazılmış uzun bir siyahı göstəriblər. Üstəlik, kitabının neçəyə başa gələcəyini söyləməyərək, “ölkəyə kağız gətirilsin, yeni qiymətlərlə hesablayaq” deyiblər.
 
“Kağız 30 faiz bahalanıb deyə...”
 
“Yazıçı” nəşriyyatının baş direktoru Şəmsi Vəfadar Azərbaycanda “kağız problemi” olduğunu bildirir:
 
“Kağız xaricdən valyuta ilə alınır. Onu nəşriyyatın özü yox, bir neçə şirkət gətirir, onlar da kağızı bahalaşdırıblar. Ümumi qiymət təxminən 30 faiz bahalaşıb”.
 
“2 manata olan kitab 7 manata başa gəlir”
 
Şəmsi Vəfadar bu durumda kitab çapının sərf etmədiyini söyləyir: “Əvvəllər, tutalım, 50 kitab çap edirdiksə, devalvasiyadan sonra ayda 2-3 kitab çap edirik. Kitab çapı görün, nə qədər aşağı düşüb?! Kitab çap etdirən də yoxdur, demək olar. Əvvəl 5 min tiraj sifariş edən müəllif indi 100-200 kitab sifariş edir. Bu da nə müəllifə sərf edir, nə də nəşriyyata. Dollar bahalaşdıqca kağız da bahalanır. Əvvəl 2 manata, 2 manat 50 qəpiyə başa gələn kitab indi 7 manata başa gəlir. Bu da sərf etmir”.
 
Şəmsi Vəfadar sifariş olmadığından, son iki ayda işçilərin sayını 70 faiz azaldıb. O son bir ayda nəşriyyatın bircə sifariş də almadığını deyir.
 
Qəhətə çıxan “sarı kağız” və ya “roman kağızı”dır
 
“Apostrof” nəşriyyatından Gündüz Quliyev kağız problemi olmadığını deyir və əlavə edir ki, indi bazarda tələb təklifdən çoxdur.
 
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlusa indi kağız qıtlığı yaşandığını təsdiqləyir və “sarı kağız” və ya “roman kağızı” kimi tanınan kağız növünün ölkəyə gətirilmədiyini deyir: “Bəlli bir kağız növü gətirilmir. Bilmirəm, bu başqa kağız növlərinə də aiddirmi? Romanların çap olunduğu “sarı kağız”ı gətirən yoxdur. Amma dərsliklərin çap olunduğu kağız növü gətirilir, çünki ona böyük tələbat var. İndi kitaba kağız tapa bilmirik. Daimi gətirənlər qiyməti bahalaşdırıblar. Gömrük rüsumları da yüksəkdir. Əvvəl kağızın tonunu 1200 manata alırdıqsa, indi 2 min manatdır. Türkiyədə kağızın tonu 800-900 dollardır, İranda daha ucuzdur, amma Azərbaycana 1500 dollara gəlib çıxır”.
 
Bu halda kitab çapının sərfəli olmadığını vurğulayan naşir problemin necə çözüləcəyini təsəvvür etmir. Onun fikrincə, qiyməti artırmaq da çıxış yolu deyil: “Qiyməti nə qədər artırmaq olar, digər tərəfdən artırsan da o qiyməti kitaba verən yoxdur. Manatın ölməsi bizi çıxılmaz hala salıb”.
 
Nəşriyyatlar bu durumu kitab biznesinə ciddi təhlükə sayırlar.
 
“Dövlət dəstək verməlidir, əks halda sistem iflic olacaq”
 
Yazıçı Rasim Qaraca bu durumda dövlətin sektora dəstək verməli olduğunu düşünür: “İstər nəşriyyatlara, istərsə kitab satışı şəbəkəsinə güzəşt edilməli və ya dövlət proqramı hazırlanmalıdır. Dövlət prosesi tənzimləməsə, vəziyyət kritik məqama çata bilər. Həm çap problemi var, həm oxucuların kitab alması var, həm də yazıçı və tərcüməçilərin qonorarı var... Dəstək gəlməsə, bu sistem ümumi şəkildə iflic ola bilər”.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru