Azərbaycan Ruhanilər Məclisi  Netanyahunun səfərinə etiraz bəyanatı yayıb

Azərbaycan Ruhanilər Məclisi Netanyahunun səfərinə etiraz bəyanatı yayıb

Azərbaycan Ruhanilər Məclisi (ARM) işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun gələn həftə Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı etiraz bəyanatı yayıb.

Maide.Az ARM-ın bəyanatını təqdim edir: “Bismillahir-Rəhmanir-Rəhim. Azərbaycan Ruhanilər Məclisi (ARM) İslam Peyğəmbəri  Həzrət Muhəmmədin (s) doğum günləri ərəfəsində o həzrətin ümmətini ölkəsindən didərgin salan, evlərini viran qoyan, əli dirsəyinə qədər məzlum Fələstin xalqının qoca, qadın və körpəsinin qanına bulanmış İsrail baş naziri B.Netanyahunun ölkəmizə səfəri ilə əlaqədar Allah Rəsuluna (s) başsağlığı verir. Bəli, məhz başsağlığı! Doğurdan da, Allahın, Peyğəmbərin (s) və bütün  azad insanların sevmədiyi bu şəxsin İslam dünyasına mənsub olan ölkəmizə səfəri sözün əsl mənasında müsibətdir. 
 
Azərbaycan xalqı insansevər və qonaqpərvərdir. Daima dünya xalqlarının vətəndaş və rəhbərlərinə qucaq açmış və səmimi məhəbbətlə qardaşcasına qarşılamışdır. Lakin müsəlman qardaşlarımızın qanını tökən, onları blokadada saxlayan, yaralı insanlara dərman və azuqə  çatdırmağa belə imkan verməyən insaniyyət qatili, sionist  təmsilçisi, xalqımızın qonağı deyil və ola da bilməz. Bu xüsusiyyətlərə malik olan İsrailə yaxınlaşmaq, əhalisi təcavüz və soyqırıma məruz qalan xalqımızın istəyini əks etdirmir. Hər gün yaxınlıqlarında olan insanlara qarşı cinayətgaranə rəftarlarına şahid olduğumuz bir rejimə yaxınlaşmaq bizə məqbul sayıla bilməz. 
 
Netanyahunun ölkəmizə səfəri bizə yaxşı heç bir şey vəd etmir. Əksinə, dünya müsəlman millət və dövlətləri yanında ölkəmizin islami hüviyyət və imicinə öldürücü zərbə vurur. Təcavüzkar rəftarlarına görə, ümumdünya müsəlmanları tərəfindən təcrid və qınaqlarla üzləşən İsrail rejimi, mövcud durumu dəyişmək məqsədi ilə istiqlaliyyətini yenicə əldə etmiş postsovet ölkələrində özünə ayaq yeri axtarır. Bu qəbil məqsədlərlə ölkəmizə nəzərdə tutulan səfərlər mənafeyimizə xidmət etmir, əksinə, ölkəmizi dünya müsəlmanlarının diqqət mərkəzində olan Fələstin məsələsinə biganə göstərir.
 
Azərbaycan Ruhanilər Məclisi (ARM) İsrail rejimi ilə əməkdaşlığı məqbul saymır, rejimin təmsilçilərinin ölkəmizə səfərlərini məkirli hesablayır. Bütövlükdə sionist rejimlə münasibətlərin tənzimlənməsində ümumdünya müsəlman ölkələrinin maraqlarından çıxış etməyi tövsiyə edir.”
 
Azərbaycan Ruhanilər Məclisi (ARM)
 
 

Google+ WhatsApp ok.ru