Azərbaycan yenə də azad olmayanların, həm də son 10 ildə geriləyən ölkələrin sırasındadır

Azərbaycan yenə də azad olmayanların, həm də son 10 ildə geriləyən ölkələrin sırasındadır

“Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatı dünyada azadlığın səviyyəsini göstərən illik hesabatını açıqlayıb.
 
“Dünyada Azadlıq – 2017” adlı hesabatda ötən il demokratik ölkələrdə populistlərin və millətçilərin xeyli irəlilədiyi, avtoritar rejimlərin isə “abırsızcasına aqressivləşdiyi” deyilir.
 
“Freedom House” builki hesabatında 195 ölkədə siyasi hüquqlar və vətəndaş azadlığını qiymətləndirib. Bu ölkələrin 87-si azad, 59-u qismən azad, 49-u azad olmayan ölkə hesab olunub.
 
Azərbaycan yenə də azad olmayanların, həm də son 10 ildə geriləyən ölkələrin sırasındadır.
 
Hesabatın “Referendumlar və demokratik zəiflik” bölməsində Azərbaycanda ötən il keçirilən referendumdan söz açılır. Demokratiyanın zəif olduğu bəzi başqa ölkələrdəki kimi, Azərbaycanda da prezident İlham Əliyevin konstitusiyaya dəyişikliklər etməklə öz hakimiyyətini gücləndirdiyi, referendumun ciddi nəzarət altında keçirildiyi və seçicilərin 90%-nin dəyişikliklərə səs verdiyi deyilir.
 
Qeyd edək ki, ötən ilin sentyabrında Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Dəyişikliklərdə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılıb. Müxalifət bu dəyişiklikləri “mürtəce” adlandırıb.
 
Hesabatın “Hakimiyyətdəkilər gələcəyə hazırlaşırlar” bölməsində isə Avrasiya ölkələrinin iki qismə ayrıldığı bildirilir. Ukrayna, Gürcüstan və Moldovanın demokratik irəliləyişə nail olmağa çalışdıqları, şərqdə isə bəzi liderlərin iqtisadi və siyasi sabitsizliyə hazır olmaqdan ötrü hakimiyyətlərini gücləndirdiyi vurğulanır. Neftin ucuzlaşmasından narahat olan Azərbaycan liderlərinin də gələcək hakimiyyətlərinin möhkəmliyini bərpa etmək məqsədilə referendum keçirdiyi bildirilir.
 
Qafqaz qonşuları bu hesabatda da Azərbaycandan irəlidədir: Gürcüstan da, Ermənistan da “qismən azad” ölkə kimi dəyərləndirilib.
 
Hesabat müəllifləri ümumilikdə 67 ölkənin siyasi hüquqlar və vətəndaş azadlığı baxımından geriyə getdiyini, cəmi 36 ölkənin irəlilədiyini deyirlər. Hətta ən nüfuzlu demokratik ölkələrdə də durum ürəkaçan deyil. 
 
Bu hesabata Azərbaycan rəsmiləri, hələlik, reaksiya verməyib. Amma indiyədək beynəlxalq insan haqları qurumlarının tənqidlərini hakimiyyət təmsilçiləri rədd edib, ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirib. Prezident İlham Əliyev ötən ilin noyabrında “Freedom House”u qərəzdə, “ermənipərəst mövqe” sərgiləməkdə ittiham etmişdi. (azadliq.org)
 
 

Google+ WhatsApp ok.ru