Azərbaycan iqtisadi baxımdan 'nisbətən azad'dır

Azərbaycan iqtisadi baxımdan 'nisbətən azad'dır

"Heritage" fondu dünya ölkələrinin iqtisadi azadlıq indeksini açıqlayıb. Sənəddə 186 ölkənin iqtisadi inkişafı analiz edilir.
 
Analiz nəticəsində mütəxəssislər azad ölkələrdə yaşamağın üstünlüklərini ortaya çıxarıb, iqtisadi azad cəmiyyətlərdə adambaşına gəlirlərin qat-qat yüksək olduğunu müəyyən ediblər. 2017-ci ilin hesabatında "azad", ya da "əsasən azad" hesab edilən ölkələrdə insanların gəlirlərinin digər ölkələrə nisbətən 2-3 dəfə çox olduğu deyilir. "Boğulmuş" cəmiyyətlərə nisbətən «azad» ölkələrdə gəlir 5 dəfə çox olur.
 
Sənəd müəllifləri iqtisadi azadlığın təkcə gəlirlərə deyil, həm də insanların həyat tərzinə –rifahına, sağlamlığına, təhsilinə, yeniliklərə, sosial inkişafa, dövlət idarəçiliyinə, ətraf mühitə müsbət təsir göstərdiyini deyirlər.
 
 
"ƏSASƏN AZAD" ÖLKƏLƏR
Azərbaycan "İqtisadi Azadlıq indeksi-2017"də 68-ci yerdədir, çünki 100 ballıq qiymətləndirmə cədvəlində 63.6 bal alıb (keçən illə müqayisədə 3.4 bal artıq). Müqayisə üçün deyək ki, Qafqazdakı qonşulardan Gürcüstan 13-cü (76 bal), Ermənistan 33-cü (70.3 bal) yerdədir. Türkiyə 60-cı (65.2 bal), Rusiya 114 (57.1 bal), İran 155-ci (50.5 bal) yeri tutub.
 
Bölgüdə Azərbaycan, eləcə də Türkiyə "nisbətən azad", Gürcüstan və Ermənistan isə "əsasən azad" ölkələr arasındadır. Rusiya və İran iqtisadi baxımdan "əsasən azad olmayan" ölkələrdir.
 
Hesabatda Azərbaycanın beynəlxalq ticarətə və sərmayəyə nisbətən açıq olduğu, bununsa ölkənin bazar iqtisadiyyatına keçidinə yardım etdiyi deyilir. Bu prosesin davamlılığı üçün təhsilli işçi qüvvəsindən yararlanmağın və istehsal bazasının genişləndirilməsinin vacibliyi vurğulanır. "İqtisadi artımın əsas səbəbi enerji sektorunun inkişafıdır. Çoxşaxəli və davamlı artım problemi hələ qalır", - hesabatın Azərbaycan haqda bölməsində belə yazılır.
 
Müəlliflər ticarətin Azərbaycandan ötrü önəmli olduğunu, idxal və ixracın birlikdə ÜDM-in 73%-ni təşkil etdiyini, bununla belə, ölkədə beynəlxalq ticarətə və sərmayəyə bürokratik əngəllərin olduğunu vurğulayırlar. Manatın devalvasiyası da ötən il Azərbaycanın maliyyə sektorunun bir sıra problemlərlə üzləşməsinə gətirib.
 
 
"DƏRİN VƏ SİSTEMLİ İSLAHATLAR APARILMALIDIR"
Hesabatda Azərbaycanda müəyyən qədər inkişaf müşahidə edilsə də, mülkiyyət hüququnun zəifliyi, korrupsiyanın geniş yayıldığı, hökumətin bank sisteminə müdaxiləsinin həddi aşdığı, maliyyə baxımından qeyri-stabilliyin və qeyri-müəyyənliyin mövcudluğu qeyd edilir.
 
Müəlliflər "Azərbaycanda iqtisadi azadlığın möhkəm və qanunla təminatı üçün dərin və sistemli islahatlar aparılmalıdır" - deyirlər.
 
"İqtisadi Azadlıq İndeksi-2017"də qiymətləndirmə zamanı 12 meyar – qanunun aliliyi, hökumətin ölçüsü, tənzimləmənin effektivliyi, bazarlarda şəffaflıq və s. kimi amillər nəzərə alınıb.
 
Sənəd müəllifləri bir vacib məqamı da qeyd edirlər: "İnkişaf səviyyəsindən asılı olmayaraq, istənilən ölkə gərəkən addımlar atmaqla – vergiləri azaltmaq, tənzimləməni effektivləşdirmək, iqtisadiyyatı geniş rəqabətə açmaq və korrupsiyayla mübarizə aparmaq yönündə siyasət aparmaqla iqtisadi azadlığı, beləliklə də, iqtisadi artımı gücləndirə bilər". (AzadlıqRadiosu) /

Google+ WhatsApp ok.ru