Azərbaycanda revmatik xəstəliklərdən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycanda revmatik xəstəliklərdən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycanda revmatik xəstəliklərdən əziyyət çəkənlərin sayı açıqlanıb. APA-nın xəbərinə görə, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Revmatologiya və qastroenterologiya şöbəsinin müdiri Sahib Musayev bildirib ki, revmatik xəstəliklər bəşər tarixinin ən ciddi xəstəliklərindən biridir. Dünya əhalisinin təqribən 1,2%-nin bu xəstəlikdən əziyyət çəkdiyini deyən S.Musayev qeyd edib ki, Azərbaycanda təqribən 100 mindən artıq insan revmatoid artirit xəstəsidir: "Bu xəstəlik hər bir insanın həm ailəsi, həm də özü üçün sosioloji problemdir. Revmatik xəstəliklərdə ağrı ilə müşayiət olunan çoxlu nozoloji forma vardır. Cəmiyyətdə elə bir insan yoxdur ki, onda 40 yaşından sonra ağrı sindromu olmasın. Bu da faiz göstəricisi ilə 85% təşkil edir. Ağrı kəskin və xroniki ağrı ilə xarakterizə olunur. Kəskin ağrını dərman vasitələri ilə aradan qaldırmaq olur, amma ağrı xroniki olduqda isə artıq bu, simptom deyil, xəstəlikdir”.
 
Şöbə müdiri qeyd edib ki, revmatoloji xəstəliklərin 200-dən çox nozoloji vahidi olduğuna görə ən aktual problemlərdən sayılır. Revmatik xəstəliklərdə ağrıların nozoloji vahidlərinə gəlincə, S.Musayev bildirib ki, burada birinci yeri bel ağrıları tutur: “İkinci yerdə isə belin aşağı hissəsi və diz ağrıları qərarlaşır. Bu da çox geniş yayılmış xəstəlikdir. Qadınlar arasında ən çox yayılmış xəstəlik isə osteoartozdur. Qadınlarda diz, kişilərdə isə bud-çanaq oynağının zədələnməsi üstünlük təşkil edir. 
İdmançılar arasında da ostreoartoz xəstəliyi geniş yayılıb. Azərbaycanda padaqra çox geniş yayılmış xəstəliklər sırasına daxildir. Bu xəstəlik ən çox hündür daban ayaqqabı geyinən xanımlar arasında, əsasəndə menapauzadan sonrakı dövrdə baş verir. Qadınlarda klassik padaqra ilk olaraq dizdən başlayır”. /

Google+ WhatsApp ok.ru