Azərbaycanla bağlı korrupsiya ittihamının araşdırılması üçün ekspertlər təyin edilir

Azərbaycanla bağlı korrupsiya ittihamının araşdırılması üçün ekspertlər təyin edilir

Bu qərar Assambleyanın plenar iclasında təsdiq olunacaq
 
Avropa Şurası Parlament Assambleyası (AŞPA) qurumun Azərbaycan hakimiyyətindən böyük məbləğdə pul almaqda ittiham olunan bəzi üzvlərinə qarşı korrupsiya ittihamlarının araşdırılması üçün üç müstəqil ekspert təyin edəcək.
 
Bu qərar Assambleyanın aprelin 25-də keçiriləcək plenar iclasında təsdiq edilməlidir.
 
Bu barədə AFP AŞPA mətbuat xidmətinə istinadla məlumat yayıb.
 
“Caviargate” kimi tanınan qalmaqal KİV-in 2013-cü ilin yanvarında AŞPA-nın bəzi üzvlərinin və ya keçmiş üzvlərinin Azərbaycanda siyasi məhbuslar haqqında məruzənin əleyhinə səs vermək üçün Azərbaycan hökuməti tərəfindən “satın alındığı” haqqında məlumatları ilə əlaqədar yaranıb.
 
Nəticədə, məruzə qəbul edilməyib, bəzi parlamentarilər isə buna görə imtiyazlar və mənbəyi bəlli olmayan gəlirlər əldə ediblər. Söhbət pullardan, bahalı xalçalardan, Bakıya pulsuz səfərlərdən, təmtəraqlı otellərdə qalmaqdan və s. gedir.
 
Yanvarda 60-dan çox AŞPA deputatı bu məsələ ilə bağlı müstəqil araşdırma aparmağı tələb edib. “Transparency İnternational” təşkilatı bu ittihamları araşdırmaq tələbi ilə Avropa Şurasına açıq müraciət göndərib.
 
Yaxın günlərdə İtaliyada keçmiş AŞPA vitse-prezidenti Luka Volonte də məhkəmə qarşısına çıxarılacaq. Onun Azərbaycan hakimiyyətinin nümayəndələrindən 2,9 mln. avro aldığı iddia olunur.
 
Suriyaya səfərinə və Dəməşqdə Bəşər Əsədlə görüşünə görə istefaya getmək məcburiyyətində qala biləcək hazırki AŞPA prezidenti, ispaniyalı Pedro Aqramuntun rolu da AŞPA-nın araşdırma missiyası tərəfindən təhqiq oluna bilər.
 
Almaniyanın “Avropa Sabitlik Təşəbbüsü” QHT-nin məlumatına görə, Aqramunt Azərbaycanda seçkilər zamanı ardıcıl olaraq Bakıdakı rejimi müdafiə edib.
 
Aqramuntun uzun müddət “Caviargate” qalmaqalı ilə bağlı araşdırmaların həyata keçirilməsini ləngitdiyi bildirilir.
 
“Bu məlum olduqda mən şok olmuşdum”, keçmiş AŞPA prezidenti Enn Brasser öz xələfinin davranışını belə şərh edib. (“Turan” İA) /

Google+ WhatsApp ok.ru