Azərbaycan əhalisi 8 aya ərzağa 11 milyard manat xərcləyib

Azərbaycan əhalisi 8 aya ərzağa 11 milyard manat xərcləyib

Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2% üstələyərək 21,7 mlrd. manata bərabər olub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 11 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,7 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2% və 2,8% üstələyib.
 
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,1%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
 
Bu ilin yanvar-avqust aylarında istehlak məhsullarının 12%-i ticarət müəssisələri, 53,1%-i fərdi sahibkarlar tərəfindən, 34,9%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,4%, fərdi sahibkarlar üzrə 1,9%, bazar və yarmarkalar üzrə 0,5% artıb.
 
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 141,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,1 manatlıq qeyri-ərzaq məhsulları  alıb.(faktxeber)
 

Google+ WhatsApp ok.ru