Azərbaycanda istilik sayğacları quraşdırılacaq

Azərbaycanda istilik sayğacları quraşdırılacaq

Azərbaycanda istilik sayğacları quraşdırılacaq.
 
Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
 
Qeyd olunur ki, icraçılardan ibarət işçi qrupun iclasında ilk olaraq “Azəristiliktəchizat” ASC-nin qarşısında əsasən 3 mühüm problemin durduğu bildirilib. Buraya büdcə təşkilatları üçün müəyyən olunmuş istilik təchizatına tələbat limitlərinin onların faktiki istehlakından çox aşağı olması, istilik təchizatı tariflərinin mənzillərin ümumi sahəsinə deyil, yaşayış sahəsinə tətbiq edilməsi nəticəsində subyektin iri həcmdə maliyyə itkiləri ilə üzləşməsi və istilik təchizatı tariflərinin həddən artıq aşağı olmaqla mövcud xərcləri qarşılaya bilməməsi məsələləri daxildir.
 
Büdcə təşkilatlarının istilik təchizatı üzrə faktiki istehlaklarının onlar üçün müəyyən olunmuş limitlərdən çox olduğunu isbat etməyin ən yaxşı yolu bu müəssisələr üçün istilik sayğaclarının quraşdırılmasıdır. İclas iştirakçıları istilik enerjisi tariflərinin yaşayış sahəsinə görə deyil, ümumi sahəyə tətbiq edilməsi ilə prinsipcə razılaşsalar da, Tarif (qiymət) Şurasının norma yaratmaq səlahiyyəti olmadığından, bu kimi məsələlər qanunvericilikdə öz əksini tapmalıdır. Bu baxımdan mövcud istilik təchizatı xidmətindən istifadə qaydaları layihəsinin daha da təkmilləşdirilərək aidiyyəti üzrə təqdim edilməsinin sürətləndirilməsi tövsiyə edilib.
 
 Sonda məsələlərin həlli ilə bağlı tərəflər arasında aşağıdakı istiqamətlərdə müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib:
 
- ilkin mərhələdə pilot layihə kimi bəzi büdcə təşkilatlarında istilik sayğaclarının quraşdırılmasının təmin edilməsi, sonrakı mərhələlərdə isə ehtiyac yarandığı təqdirdə bütün bu tipli müəssisələrin sayğaclaşdırılması və müvafiq laboratoriyanın qurulması;
 
- istilik təchizatı xidmətindən istifadə qaydaları layihəsinin qısa müddətdə təkmilləşdirilərək rəy üçün təqdim edilməsi və istilik təchizatı tariflərinin mənzillərin ümumi sahəsinə tətbiq edilməsi məsələsinin bu layihədə öz əksini tapması;
 
- istilik təchizatı xidmətindən istifadə qaydaları təsdiq edildikdən sonra ilkin mərhələdə istilik təchizatı tariflərinin müəyyən qədər qaldırılması və xərclərin optimallaşdırma və liberallaşdırma işləri istiqamətində işlərə başlanılması.
 

Google+ WhatsApp ok.ru