Azərbaycanda qiymətlər bir ildə 14 faiz artıb

Azərbaycanda qiymətlər bir ildə 14 faiz artıb

Bu ilin doqquz ayında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 13,9 faiz qalxıb.
 
İki ildir ki, davam edən yüksək inflyasiya əhalinin onsuz da aşağı olan gəlirlərini də “yeyir”.
 
Dövlət Statistika Komitəsi bu ilin doqquz ayında ölkədə istehlak qiymətlərini açıqlayıb.
 
Rəsmi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq orta hesabla 17,9 faiz, qeyri-ərzaq malları isə 12,5 faiz bahalaşıb. Bu dövrdə əhaliyə göstərilən pullu xidmətlərin dəyəri isə 9,6 faiz qalxıb.
 
Əhalinin pul gəlirlərinin artım dinamikası barədə məlumat hələlik yenilənməsə də, ötən aya olan göstəricilərdən onun inflyasiyadan geri qaldığı aydındır.
 
2017-ci ilin səkkiz ayında əhalinin pul gəlirlərinin artımı inflyasiyadan 6,4 faiz geri qalırdı.
 
DSK-nın məlumatına görə, sentyabrda avqusta nəzərən qiymətlər orta hesabla 0,7 faiz artıb.
 
Bir ayda ərzağın qiyməti 1,4 faiz, qeyri-ərzaq mallarının qiyməti isə 0,4 faiz bahalaşıb. Pullu xidmət göstərənlər isə sentyabrda qiymətləri orta hesabla 0,1 faiz qaldırıblar.
 
2016-cı ildə Azərbaycanda illik inflyasiya 12,4 faiz olmuşdu. DSK əhalinin vergi və sosial sığorta ödənişləri nəzərə alınmadan gəlirlərinin 2016-cı il ərzində cəmi 8,7 faiz artdığını hesablamışdı.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru