Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

-- 5549 nəfər İİV-lə rəsmi qeydiyyatdadır

Bu ilin 10 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 437 nəfərdə təsdiqlənib.
 
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mubarizə Mərkəzinin Təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov deyib.
 
E.Muradovun sözlərinə görə, həmin şəxslərdən 431-i Azərbaycan vətəndaşı, 6 nəfəri əcnəbilərdir:
 
"Ümumilikdə, bu ilin dekabr ayının 1-dək mərkəzdə 5549 nəfər İİV-lə rəsmi qeydiyyatdadır. Onlardan 71,4 faizi (3962) kişi, 28,6 faizi (1587) qadındır. Qeydiyyata alınan 431 Azərbaycan vətəndaşından 275-i kişi, 156-sı qadındır"
 
Şöbə müdiri qeyd edib ki, QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 124 nəfər olub:
"QİÇS mərhələsində olanlar 1452 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 861 nəfərdir. İİV-lə yaşayan insanlardan 43,8 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 44,6 faizində heteroseksual, 2,5 faizində isə homoseksual kontakt nəticəsində, 1,9 faizində anadan uşağa keçməklə, 0,02 faizində (1 nəfər) donor qanın köçürülməsi nəticəsində baş verib. 7,3 faizində isə yoluxma yolu müəyyən edilməyib”.
 

Google+ WhatsApp ok.ru