Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

-- 9 mlrd. 398,3 mln. ABŞ dollar

01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 mlrd. 398,3 mln. ABŞ dolları (15 mlrd. 978,1 mln. manat) olub.
 
Maliyyə Nazirliyindən verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22,8% (2017-ci il üçün hesablanmış 70 mlrd. 135,1 mln. manat ÜDM-ə nisbətdə) təşkil edib. 
 
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
 
Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
 

Yarım il əvvəl...

 
2017-ci ilin ortalarında açıqlanmış rəsmi bilgilərdə Azərbaycanın həmin ilin iyul ayına xarici dövlət borcunun 12208,5 milyon manat (7172,6 milyon dollar) olduğu bildirilirdi.
 
Həmin vaxt xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM-ə) nisbəti 18.9 faiz idi.
 
Bir illik artım - 4 milyard manat
 
2017-ci ilin yanvarında isə xarici dövlət borcu 12 milyard 241 milyondan artıq (6 milyard 913,2 milyon ABŞ dolları) idi. Həmin vaxt dolların məzənnəsi manata nisbətən daha yüksək idi.
 
İllik müqayisədə xarici dövlət borcu 4 milyard manata yaxın artıb.
 
Maliyyə Nazirliyi isə hər zaman olduğu kimi yalnız xarici dövlət borcunun ümumi məbləğini açıqlayıb.
 
Bir çox iqtisadçı ekspertlər Azərbaycanın xarici borcları haqda açıqlanan rəsmi rəqəmlərlə razılaşmırlar. Onlar xarici borcun daha çox olduğunu bildirirlər.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru